Xəbərlər

SHXÇDX: Müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışı başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il sentyabrın 3-də imzaladığı Sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, Xidmət tərəfindən Sərəncamın icrası təmin edilib və oktyabr ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi yekunlaşdırılıb.

Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2021-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yola salınıblar.

Müddətli həqiqi hərbi xidmət keçmək üçün xidmət yerlərinə təyin edilmiş çağırışçılar pandemiya dövründə tələb olunan qaydalara uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tapşırıq və tövsiyələrinə, TƏBİB-in müvafiq təlimatlarına ciddi riayət edilərək xidmət yerlərinə təhvil veriliblər.

Poliqon.az

Back to top button