
SHXÇDX Zəfər Günü münasibətilə silsilə tədbirlərə start verib – FOTO
Zəfər Günü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən “Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir” devizi altında silsilə tədbirlərə start verilib.
Bu barədə “Poliqon”a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanın bütün şəhər və rayonlarında təşkil olunan tədbirlərdə Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailələrinin üzvləri, döyüşlərdə nümayiş etdirdikləri qəhrəmanlığa görə Azərbaycanın müxtəlif orden və medalları ilə təltif olunmuş müharibə iştirakçıları, qazilər, çağırışaqədərki hazırlıq rəhbərləri, məktəblilər iştirak edirlər.
Keçirilən tədbirlərdə şanlı qəhrəmanlıq salnaməsi yazan Azərbaycan xalqının düşmən üzərində tarixi zəfər qazanaraq qalib xalq olduğunu dünyaya sübut etdiyi diqqətə çatdırılıb.