
Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal edilən “Hürkuş” təlim təyyarəsinin silahlı versiyası olan “Hürkuş-C” 2018-ci ildə Silahlı Qüvvələrin istifadəsinə daxil olacaq.
“AzeriDefence”nin məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyi öz Twitter hesabında açıqlama yayıb.
Fotolarından göründüyü qədər “Hürkuş-C” təyyarəsinin ilk prototipinin silahlanmasına ROKETSAN şirkətinin istehsalı olan lazer başlıqlı “Cirit” raketi və UMTAS tank əleyhinə idarə olunan raketlər daxil edilib. Təyyarənin üzərində ASELSAN istehsalı olan ASELFLIR-300 elektro-optik kəşfiyyat və hədəfləmə sistemi də yer alır.
TUSAŞ şirkəti isə özünün sosial media hesabında “Hürkuş-C” təyyarəsindən ilk atışların yaxın zamanlarda həyata keçiriləcəyini duyurub.
“Hürkuş-C” təyyarəsi may ayında İstanbulda keçiriləcək İDEF-2017 sərgisində nümayiş olunacaq.




