Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsait 6 691 593 manat artıb

Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsait 6 691 593 manat artıb

Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna oktyabrın 1-dək daxil olan vəsaitin məbləği açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna cari il oktyabrın 1-dək 120 106 408,24 AZN, 218 680,68 ABŞ dolları, 18 341 avro və 5000 rubl vəsait daxil olub.

Sentyabrın 1-dən oktyabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 6 691 593,07 AZN və 5102.8 dollar vəsait daxil olub. Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.

Fondun əsas vəzifəsi Azərbaycanın etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

CATEGORIES
TAGS