Silahlı Qüvvələrin MRAP sifarişini MSN bu il ərzində təmin edəcək

Müdafiə Sənayesi Nazirliyi CAR-ın “Paramount Group” şirkəti ilə birgə və bu şirkətin lisenziyası əsasında Azərbaycan Silahlı Qüvvələrinin sifariş verdiyi 60 ədəd minaya qarşı qorumalı nəqliyyat vasitəsinin (MRAP) istehsalını bu ilin sonunadək tamamlayacaq.
Bu barədə “AzeriDefence” APA-informasiya agentliyinə istinadən məlumat yayıb.

Sifariş üzrə 30 ədəd “Marauder” və 30 ədəd “Matador” tipli nəqliyyat vasitəsi istehsal olunacaq. Hazırda MSN-in Elektron Hesablayıcı Maşınlar zavodunda nəqliyyat vasitələrinin istehsalı qrafik üzrə davam etdirilir. İstehsal edilmiş maşınlar nazirliyin, “Paramount Group” şirkətinin və Silahlı Qüvvələrin nümayəndələrinin iştirakı ilə testlərdən keçirildikdən sonra sifarişçiyə təhvil verilir.

Bununla yanaşı, ayrı-ayrı qurumlarla adıçəkilən nəqliyyat vasitələrinin çatdırılmasına dair sifarişlərin alınması istiqamətində də danışıqlar davam etdirilir.

Qeyd edək ki, “Matador” 14 (12+2), “Marauder” isə 10 (8+2) personal daşıya bilir. Texnikaların partlayışa tab gətirmə imkanları isə müvafiq olaraq 21 kq TNT və 14 kq TNT-dir. Ballistik müdafiə sisteminə malik olan bu döyüş maşınları şəxsi heyəti 7,62 mm çaplı güllələrdən qoruya bilir. “Matador” STANAG 4569 Level 4a və STANAG 4569 Level 4b, “Marauder” isə STANAG 4569 Level 3a və STANAG 4569 Level 3b standartlarına uyğundur. MRAP-lar 14,5 və 12,7 çaplı pulemyotlarla silahlandırılıb.

KATEQORIYA: