Şimali Koreya “Hwasong-17” QBR buraxılışını təsdiq edib

Şimali Koreya “Hwasong-17” QBR buraxılışını təsdiq edib

Şimali Koreya hökuməti ən böyük “Hwasong-17” qitələrarası ballistik raketin (QBR, Hwaseong-17 intercontinental ballistic missile – ICBM) buraxılışını rəsmən təsdiqləyib.

“Poliqon” xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin qiymətləndirməsinə görə, raket ABŞ-ın istənilən nöqtəsinə çatmağa qadirdir.

“Hwasong-17 QBR” sınaqları Şimali Koreya lideri Kim Çen Inın əmri əsasında keçirilib. Raket Pxenyan beynəlxalq hava limanının yerləşdiyi Sunan bölgəsindən buraxılıb.

“Hwasong-17” QBR 1090 kilometr uçaraq maksimal 6248,5 kilometr yüksəkliyə çatıb və Yapon dənizində yerləşən hədəfi vurub. Raket havada 67,5 dəqiqə olub. Oxşar məlumatları KXDR-in ən yaxın qonşuları – Yaponiya və Cənubi Koreya da verib. Əgər KCNA-nın fotoşəkillərinə inanılsa, o zaman “Hwaseong-17” QBR-nin buraxılışının 11 oxlu nəqletmə-quraşdırma qurğusundan yerinə yetirildiyini düşünmək olar.

Yaponiya artıq son sınaqları yeni nizama təhlükə adlandırıb. Yaponiyanın müdafiə naziri Nobuo Kişi (Nobuo Kishi): “Bu, əvvəlkindən fərqli ölçüdə ciddi təhlükədir”, – deyərək bildirib. Onun sözlərinə görə, adi buraxılış trayektoriyasına malik yeni qitələrarası ballistik raket 15 000 km-dən çox məsafə qət etmək və ABŞ ərazisində, o cümlədən Şərq sahilində istənilən nöqtəyə çatmaq iqtidarındadır.

Qeyri-rəsmi məlumatlara əsasən, təxminən 25 metr uzunluğa sahib “Hwasong-17” QBR Şimali Koreyanın ən uzun mənzilli silahı və bəzi hesablamalara görə dünyanın ən böyük yol-mobil ballistik raket sistemidir. Raket ilk dəfə 2020-ci ilin oktyabrında keçirilən hərbi paradda nümayiş etdirilib və cümə axşamı buraxılması onun ilk tammiqyaslı sınağı olub. Raketin taktiki-texniki xassələri açıqlanmır.

Xatırlatmaq lazımdır ki, KXDR mütəmadi olaraq raket buraxılışları vasitəsilə öz hərbi qüdrətini nümayiş etdirir. Təkcə son altı ay ərzində rəsmi Pxenyan ondan çox buraxılış həyata keçirib:

– 15 sentyabr 2021-ci il – iki təkmilləşdirilmiş KN-23 raketi;

– 5 yanvar 2022-ci il – ballistik raket;

– 11 yanvar 2022-ci il – hipersəsli raket;

– 14 yanvar 2022-ci il – iki yaxın mənzilli ballistik raket;

– 17 yanvar 2022-ci il – yaxın mənzilli taktiki idarə olunan raket;

– 27 yanvar 2022-ci il – yaxın mənzilli taktiki idarə olunan raket;

– 25 yanvar 2022-ci il – iki uzun mənzilli qanadlı raket;

– 30 yanvar 2022-ci il – Hwasong-12 orta mənzilli ballistik raket;

– 27 fevral 2022-ci il – naməlum ballistik raket;

– 5 mart 2022-ci il – naməlum ballistik raket;

– 24 mart 2022-ci il – Hwasong-17 QBR.

Bəzi ekspertlər fevralın 27-də və martın 5-də “Hwasong-17” QBR-in müxtəlif hissələrinin səmaya qalxdığını ehtimal edirlər.

Əhəd Əzizov 

Poliqon.az

CATEGORIES
TAGS