Slovakiya ordusu artilleriya sistemlərini yeniləyir

Slovakiya ordusu artilleriya sistemlərini yeniləyir

Slovakiya Ordusunun artilleriya parkının sırasına çoxdan gözlənilən yenilik daxil olub.

“Poliqon” xəbər verir ki, DMD GROUP şirkətinin mətbuat xidməti şirkətin ilk 155 mm-lik “ShKH Zuzana 2” özüyeriyən artilleriya qurğularının (ÖAQ) orduya təhvil verildiyini açıqlayıb.

Birinci partiyaya yerli şirkətlər tərəfindən yığılmış və yerli sursatla təchiz edilmiş səkkiz ədəd ÖAQ daxildir. Sifariş verilmiş 25 ədəd qurğunun qalan hissəsinin tədarükünün 2022-ci ilin əvvəlində tamamlanması planlaşdırılır.

Xatırladaq ki, 25 ədəd 155 mm-lik “Zuzana 2” ÖAQ tədarükü barədə müqavilə “DMD GROUP” şirkəti ilə Slovakiya Müdafiə Nazirliyi arasında 2018-ci ildə imzalanmışdır. ÖAQ, döyüş sursatları və ehtiyat hissələrinin tədarükünü, həmçinin heyətlərin öyrədilməsini əhatə edən müqavilənin ümumi dəyəri 175 milyon avro qiymətləndirilib.

Qeyd edək ki, “Zuzana 2” ÖAQ, Çexoslovakiya Ordusu tərəfindən 1977-ci ildə silahlanmaya qəbul edilmiş 152 mm-lik “ShKH vz. 77 Dana” ÖAQ-ın daha bir modifikasiyasıdır. Slovakiya Ordusu, “Dana” ÖAQ-ın NATO standartlarına uyğun olaraq təkmilləşdirilmiş 155 mm-lik “ShKH M2000 Zuzana” variantını 1998-ci ildə silahlanmaya qəbul edib. Qeyri-rəsmi mənbələrin məlumatına əsasən hazırda Slovakiya Ordusunda 16 ədəd 155 mm-lik “Zuzana” ÖAQ istismar edilir. Slovakiyadan başqa Kipr Respublikasının ordusunda da 12 ədəd “Zuzana” ÖAQ istifadə edilir.

“Zuzana 2” ÖAQ, Slovakiyanın “KONŠTRUKTA-Defense” şirkəti tərəfindən layihələndirilib və sələfləri kimi 8×8 təkər formullu TATRA avtomobilinin şassisi üzərində qurulub. ÖAQ, maksimal atəş məsafəsi 41 km olan 52 çap uzunluğuna malik 155 mm-lik haubita ilə silahlanıb. Qurğunun döyüş vəziyyətində kütləsi 32 tondur, heyəti isə dörd nəfərdən ibarətdir. Avtomatik doldurma sistemi dəqiqədə 6 atış və ya 3 dəqiqə ərzində 16 atış etməyə imkan verir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS