DənizXəbərlər

STM Portuqaliya üçün inşa etdiyi ikinci hərbi gəminin bloklarını suya salınma qurğusuna yerləşdirib

Türkiyənin STM şirkəti tərəfindən Portuqaliya Hərbi Dəniz Qüvvələri (HDQ) üçün inşa edilən N.R.P. FERNANDO PESSOA gəmisinin bloklarının suya salınma qurğusuna yerləşdirilməsi mərasimi keçirilib.

STM-dən “Poliqon”a verilən məlumata görə, bu, Dənizdə Təchizat və Logistika Dəstək Gəmisi layihəsi çərçivəsində Portuqaliya HDQ üçün inşa edilən ikinci gəmidir.

Mərasimdə Portuqaliya HDQ-nin komandanı admiral Nobre de Sousa, Türkiyə HDQ-nin komandanı admiral Kadir Yıldız, Portuqaliya və Türkiyə HDQ-lərinin nümayəndələri, STM və “ADA Gəmiqayırma Zavodu”nun rəhbərləri, eləcə də layihə qrupları iştirak ediblər.

STM-in baş direktoru Özgür Güleryüz mərasimdəki çıxışında Portuqaliya Hərbi Dəniz Qüvvələri üçün həyata keçirilən layihənin nəzərdə tutulan qrafikə uyğun irəlilədiyini bildirib: “Türkiyənin aparıcı dəniz mühəndisliyi şirkəti olaraq 11 müxtəlif gəmiqayırma zavodunda həyata keçirdiyimiz 44 dəniz platforması layihəsindən əldə etdiyimiz təcrübəni dost və müttəfiq ölkələrə ötürməyə davam edirik. Türkiyənin Aİ və NATO üzvü olan bir ölkəyə ilk hərbi gəmi ixracı olan Portuqaliya layihəmizdə bu gün daha bir mühüm mərhələni geridə qoyuruq. İlk gəminin bloklarının yığılması və təchizatı işləri davam etdiyi halda, ikinci gəminin bloklarını da suya salınma qurğusuna yerləşdirərək hər iki gəminin inşasını eyni gəmiqayırma zavodunda paralel şəkildə davam etdiririk”.

Baş direktorun sözlərinə görə, gəmilər 2027-ci ildə suya endiriləcək, 2028-ci il ərzində isə Portuqaliya HDQ-yə təhvil veriləcək.

Portuqaliya Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Nobre de Sousa mərasimdə çıxış edərək inşa edilən gəminin Portuqaliya Hərbi Dəniz Qüvvələrinin əməliyyat imkanlarına mühüm töhfə verəcəyini vurğulayıb.

O qeyd edib ki, bu gəmilər humanitar yardım və fəlakətlərə müdaxilədən tutmuş qüvvə proyeksiyasına və döyüş əməliyyatlarına qədər geniş vəzifələr spektrində tələb olunan logistik dəstəyi təmin etməklə Portuqaliya Hərbi Dəniz Qüvvələrinin əməliyyat çevikliyini əhəmiyyətli dərəcədə artıracaq: “Xidmətə qəbul edildikdən sonra NATO-nun dəniz əməliyyatlarına verdiyimiz dəstəyi gücləndirəcək, müttəfiqlərimizlə qarşılıqlı fəaliyyət imkanlarımızı inkişaf etdirəcək və Avro-Atlantik regionun kollektiv müdafiəsinə töhfəmizi möhkəmləndirəcək. Bu layihə NATO-nun iki müttəfiqi olan Türkiyə və Portuqaliya arasındakı güclü münasibətlərin, qarşılıqlı etimadın, bilik mübadiləsinin və strateji əməkdaşlığın konkret göstəricisidir”.

Xatırladaq ki, STM şirkəti 17 dekabr 2024-cü ildə Portuqaliyanın paytaxtı Lissabonda imzaladığı müqavilə ilə Türkiyənin Aİ və NATO üzvü olan bir ölkəyə ilk hərbi gəmi ixracına imza atıb. Müqavilənin imzalanmasından sonra dizayn işləri tamamlanan layihədə ilk gəmi — N.R.P. LUIS DE CAMOES-in inşasına 2025-ci ilin noyabrında keçirilən polad kəsmə mərasimi ilə başlanılıb. İlk gəminin bloklarının suya salınma qurğusuna yerləşdirilməsi mərasimi 2026-cı ilin yanvarında keçirilib. İkinci gəminin poladının kəsilməsi isə 18 iyun 2026-cı ildə həyata keçirilib. Hazırda hər iki gəminin inşası prosesi eyni anda davam etdirilir.

Layihə çərçivəsində inşa edilən gəmilərə Portuqaliyanın zəngin ədəbiyyat və dənizçilik irsini əks etdirən adlar verilir.

İlk gəmi Portuqaliyanın milli şairi Luis de Camoesin adını daşıyır. Əvvəllər Kral Dom Dinisin adının verilməsi planlaşdırılan ikinci gəminin adı isə Portuqaliya Hərbi Dəniz Qüvvələrinin qərarı ilə N.R.P. FERNANDO PESSOA olaraq dəyişdirilib.

Portuqaliyanın XX əsrdəki ən mühüm şairlərindən biri olan Fernando Pessoa əsərlərində ölkəsinin dənizçilik tarixinə və mədəni irsinə geniş yer ayırıb.

Gəmilər STM şirkətinin baş podratçılığı ilə İstanbulda, “ADA Gəmiqayırma Zavodu”nda inşa edilir. Türkiyənin hərbi dəniz sistemləri mühəndisliyi sahəsində əldə etdiyi səviyyəni nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyan Dənizdə Təchizat və Logistika Dəstək Gəmiləri modul konstruksiyaya malikdir.

Gəmilər logistika dəstəyi göstərmək, dənizdə yanacaq və yük transferini həyata keçirməklə yanaşı, zirehli texnikanın daşınması, birgə qüvvələrin köçürülməsi və amfibiya əməliyyatlarının dəstəklənməsi üçün də istifadə edilə biləcək.

Gəmilər 20-yə qədər yüngül zirehli taktiki avtomobil daşımaq imkanına malik olacaq. Modul, orijinal və çoxməqsədli dizaynı sayəsində böhran vəziyyətlərində humanitar yardım, axtarış-xilasetmə və tibbi dəstək kimi vəzifələri də yerinə yetirə biləcək. İnteqrasiya edilmiş rabitə sistemi ilə təchiz ediləcək gəmilər komanda-idarəetmə imkanları ilə də seçiləcək.

Gəmilərin uzunluğu 137 metr, su basımı 11000 ton, maksimal sürəti isə 18 düyündən çox olacaq. Onlar 30 gün ərzində fasiləsiz olaraq dənizdə qala biləcək. Gəmilərdə 100 nəfərlik heyətdən əlavə, daha 100 nəfərin yerləşdirilməsi mümkün olacaq.

Əsasən hava hücumundan müdafiə döyüşü olmaqla, bütün əsas döyüş növlərinə uyğun sensor və silah sistemləri ilə təchiz ediləcək gəmilərdə yaxın mənzilli hava hücumundan müdafiə sistemləri, 12,7 mm-lik məsafədən idarə olunan silah sistemləri və radioelektron maneələrə qarşı aldadıcı vasitələrdən (chaff/decoy) istifadə olunacaq. Gəmilərdə çoxsaylı qabaqcıl sensorlar və sistemlər də yerləşdiriləcək.

Bundan əlavə, gəmilərdə helikopterlər və pilotsuz uçuş aparatları (PUA) üçün uçuş meydançası, eləcə də PUA-lar üçün anqar olacaq.

Back to top button