SərgilərXəbərlər

STM şirkəti PUA və dəniz platformalarını Cənubi Amerikada sərgiləyəcək

Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən biri olan STM, hərbi dəniz platformalarını və pilotsuz uçuş aparatlarını (PUA) Cənubi Amerikanın ən mühüm müdafiə sərgilərindən biri olan FIDAE-2026-da nümayiş etdirəcək.

“Poliqon” STM-ə istinadən xəbər verir ki, 7-12 aprel tarixlərində Santyaqo şəhərində keçiriləcək sərgidə şirkət regiondakı strateji mövqeyini gücləndirməyi və yeni əməkdaşlıq imkanları yaratmağı hədəfləyir.

Sərgi zamanı şirkət hərbi dənizçilik sahəsində “TCG İstanbul” (F-515) freqatını, “Pakistan Dənizdə Yanacaqdoldurma Gəmisi”ni (PNFT), STM-MPAC hücum katerini və STM NETA sualtı insansız dəniz aparatını (İDA) təqdim edəcək.

Taktiki PUA sahəsində isə dörd fərqli qitədə 15 ölkəyə ixrac edilən Türkiyənin ilk milli zərbə PUA-sı KARGU, Türkiyə Silahlı Qüvvələrinin inventarında olan və ixrac edilən TOGAN kəşfiyyat PUA-sı və sursat buraxan BOYGA PUA-sı nümayiş olunacaq.

Sərgi ilə baölı fikirlərini bölüşən STM-in baş direktoru Özgür Güleryüz, Türkiyənin müdafiə sənayesindəki imkanlarının iqtisadi dəyərə çevrilməsində ixracın rolunu xüsusi vurğulayıb: “STM olaraq dövriyyəmizin əhəmiyyətli hissəsini ixrac uğurlarımız formalaşdırır və biz türk mühəndisliyinin gücünü dünyanın müxtəlif bölgələrinə çatdırmağa davam edirik. Latın Amerikası böyümə hədəflərimiz arasında yer alan və texnoloji həllərimizə marağın sürətlə artdığı strateji bir bölgədir. Çilidə keçirilən FIDAE-2026-nı yalnız məhsullarımızı nümayiş etdirdiyimiz bir platforma kimi deyil, həm də region ölkələri ilə texnologiya transferi və yerli istehsal əsaslı uzunmüddətli tərəfdaşlıqlar quracağımız bir imkan kimi dəyərləndiririk”.

Onun sözlərinə görə, indiyədək ölkə daxilində və xaricində 11 fərqli tərsanədə 44 hərbi gəmi platformasının inşasını və idarəsini həyata keçirən STM, Portuqaliya, Ukrayna, Malayziya və Pakistan kimi strateji bazarlarda özünü sübut edib.

“Bu dərin təcrübəni və NATO standartlarına uyğun mühəndislik qabiliyyətimizi Latın Amerikasının müdafiə ehtiyaclarına yönəltmək üçün Çiliyə gətirməyi hədəfləyirik”, – deyə baş direktor qeyd edib.

Back to top button