Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində iclas keçirilib
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş «İxrac boru kəmərləri obyektlərinin təhlükəsizliyinin gücləndirilməsinə dair Tədbirlər Planı»nın icrasını təmin etmək məqsədilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində geniş tərkibdə iclas keçirilib.
SOMDA-nın mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisinin birinci müavininin rəhbərliyi ilə keçirilən iclasda DTX, FHN, DİN, MN, XRİTDX, DSX, “bp Azərbaycan” əməliyyat şirkətinin, ARDNŞ-nin təhlükəsizlik idarəsinin səlahiyyətli nümayəndələrinin və Agentliyin müvafiq idarə və şöbələrinin rəisləri iştirak ediblər.
SOMDA-nın rəisinin birinci müavini, general-mayor İsmayıl Hüseynov çıxışında bildirib ki, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və əsasını 1994-cü ildə qoyduğu yeni neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikası regionda lider dövlətə çevrilib. Ölkəmizin sürətli iqtisadi inkişafı, onun hərbi və siyasi qüdrətinin artması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Heydər Əliyev inkişaf strategiyasının uğurla həyata keçirilməsinin parlaq təzahürü olduğunu xüsusilə vurğulayıb.
Eyni zamanda İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin olunması ilə əlaqədar «İxrac boru kəmərləri obyektlərinin təhlükəsizliyinin gücləndirilməsinə dair Tədbirlər Planı»nın icrasını təmin etmək məqsədilə qurumlararası əlaqələndirmənin vacib olduğunu bildirərək qarşıda duran vəzifələr və atılacaq addımlar barədə iclas iştirakçılarını məlumatlandırıb.
İclasda aidiyyatı qurumların səlahiyyətli nümayəndələrinin təklif və məruzələri dinlənilərək ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinə təsir göstərə biləcək yeni tendensiyalar, əməliyyat şəraitində baş vermiş dəyişikliklər, potensial təhlükəsizlik riskləri və əldə olunmuş nəticələr barədə informasiya mübadiləsinin aparılması və digər məsələlər ətrafında müzakirələr aparılaraq müvafiq qərarlar qəbul edilib.