Xəbərlər

Tərxis edilən DSX hərbçilərinin yola salınma mərasimi keçirilib

2021-ci il aprelin 28-29-da Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrində müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış hərbi qulluqçu­larının tərxis edilməsi ilə əlaqədar tədbirlər keçirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, mərasimlərdə DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrik teleqramı şəxsi heyətə çatdırılıb, DSX-nin sıralarında hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatına buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidmət müddətində öz vəzifələrini şərəflə yerinə yetirdikləri qeyd olunub.

Hər bir sərhədçi əsgərin Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistan üzərində zəfərlə başa çatan və Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan Vətən Müharibəsinin qalib əsgəri olmaqdan, müqəddəs torpaqların azad olunmasında işğalçı düşmən qüvvələrinə qarşı döyüşməkdən, bu gün də səngərdə və sərhəddə böyük əzmlə xidmət aparmaqdan böyük şərəf və qürur duyması vurğulanıb.

Azərbaycanın ərazi suverenliyinin bərpası, torpaqların düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən yolunda fəda edərək xalqa qələbə sevincini yaşadan şəhidlərin ruhunun əbədi olaraq yaddaşlarda qalacağı qeyd olunub.

Xidmət etdiyi hərbi hissə ilə vidalaşaraq mülki həyata qovuşacaq əsgərlərin hərbi xidmət dövründə qazandığı müsbət vərdişlərin və keyfiyyətlərin gələcəkdə onların cəmiyyətimizə layiqli vətəndaş olmalarına töhfə verəcəyinə əminlik ifadə edilib.

Tədbirlərin sonunda tərxis edilən hərbi qulluqçularla xatirə fotoşəkilləri çəkilib və şəxsi heyət xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə yola salınıblar.

Back to top button