T-84BM “Oplot” tankı T-90 ilə rəqabətə girir

T-84BM “Oplot” tankı T-90 ilə rəqabətə girir

Misirin gələcək tank alış-verişində Ukraynanın T-84BM “Oplot” əsas döyüş tankı Rusiyanın T-90 tankı ilə rəqabət aparır.

“Poliqon” xəbər verir ki, bu barədə “Ukrinform” İnformasiya Agentliyinə istehsalçı zavodun baş direktoru Vasili Krilos danışıb.

“Ukroboronprom” Dövlət Konserninin tərkibinə daxil olan və Xarkov şəhərində yerləşən “V.A.Malysheva nəqliyyat maşınqayırma zavodu” ötən həftə səfərdə olan Misir nümayəndə heyətinə T-84BM “Oplot” tankını və istehsal sahələrini nümayiş etdirib.

Onun sözlərinə görə, bütün növ silahlardan poliqonda atışlar aparılıb və “demək olar ki, 100%-lik dəqiqlik” nümayiş olunub. Tank da “maneələri aşaraq çox yaxşı bir dinamik sürət” göstərib.

Müəssisə rəhbəri Misir ordusu tərəfindən Ukrayna tanklarının alınması perspektivlərindən danışıb: “Hamı razı qalıb, təsirlənib. Deyə bilərəm ki, bizə çox ciddi yanaşırlar. Rəqibimiz Rusiyanın T-90 tankıdır. Ancaq danışıqlarda ən yüksək səviyyədə dövlətin dəstəyinə ümid edirəm və qeyd edim ki, xüsusi ixracatçılarımız tərəfindən çox işlər görülür. Ona görə də ümid edirik”.

Qeyd etmək lazımdır ki, hal-hazırda Misir Quru Qoşunlarının tank parkının əsasını bir çoxu ölkədə lisenziya əsasında yığılmış ABŞ-ın M1A1 “Abrams” tankları (1100 ədəd) təşkil edir. Misir ordusunda ayrıca xeyli sayda köhnəlmiş M60A1/M60A3 tankı (ABŞ, 1150 ədəd), T-80U tankı (Rusiya, 34 ədəd), T-54/T-55 tankının ABŞ təkmilləşdirməsi “Ramzes II” (SSRİ/ABŞ, 260 ədəd) və ümumilikdə T-54, T-55, T-62 tankı (SSRİ, 1340 ədəd) var. Bunlardan bir hissəsi (1400 ədəd) anbarlarda saxlanmaqdadır.

T-84BM “Oplot” tankı 1994-cü ildə T-80UD tankının əsasında Ukraynanın “Xarkov Maşınqayırma Konstruktor Bürosu” tərəfindən yaradılan əsas döyüş tankıdır. Yeganə xarici istifadəçisi, 2011-ci il müqaviləsi əsasında 2014-2018-ci illər ərzində tədarük edilmiş 49 ədəd tanka sahib olan Tayland Ordusudur.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS