Xəbərlər

Tayland Ordusu “Javelin” TƏİR kompleksi sifariş edib

ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi üzrə Əməkdaşlıq Agentliyi (Defense Security Cooperation Agency – DSCA) ABŞ dövlətlərarası xarici hərbi satış (Foreign Military Sales – FMS) proqramı çərçivəsində gələcəkdə Taylanda “Javelin” tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksilərinin satılmasını planlaşdırıldığı barədə ABŞ Konqresinə bildiriş göndərib.

“Poliqon” xəbər verir ki, söhbət ümumi ehtimal olunan çatdırılma dəyəri 83,5 milyon ABŞ dollar olan 50 atıcı qurğudan və 300 tank əleyhinə “Javelin” raketindən gedir.

Müqaviləyə məşq trenajorları, komplekslərin saxlanılması üçün texniki işçilərin hazırlığı və istismarın bütün müddəti ərzində texniki dəstək daxildir.

Təklif olunan satış Taylanda tank əleyhinə qüvvələrini modernləşdirməyə və indiki mövqeyini qorumağa, həmçinin birgə hərbi əməliyyatlar və təlimlər zamanı ABŞ-la əməkdaşlığı yaxşılaşdırmağa imkan verəcək.

Bu silahların satışı, ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün uzunmüddətli müdafiə qabiliyyətini artıraraq Taylandın mövcud və gələcək təhdidlərə qarşı mübarizə qabiliyyətini artıracaq.

Müqavilənin əsas podratçısı “Raytheon” və “Lockheed Martin” şirkətlərinin birgə “Javelin” müəssisəsi olacaq.

“Javelin” TƏİRK 1990-cı illərdən bəri ABŞ və bir sıra digər ölkələrin silahlı qüvvələrində olan “atdın-unutdun” prinsipi ilə işləyən üçüncü nəsil tank əleyhinə raket kompleksidir.

Qeyd edək ki, tank əleyhinə idarə olunan FGM -148 raketi zirehli texnikaları, yerüstü istehkamları, habelə aşağı yüksəklikdə və sürətlə hərəkət edən bəzi uçuş aparatlarını – helikopterləri və ya PUA-ları məhv etmək üçün təyin edilib.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi aprelin 27-də “Javelin” birgə müəssisəsi ilə FGM-148 “Javelin” tank əleyhinə idarə olunan raketlərin partiyasını istehsal etməkdən ötrü müqavilə bağladığını açıqlayıb.

Əhəd Əzizov

Poliqon.az

 

Back to top button