Təkmilləşdirilmiş A-50U AEW&C təyyarəsi Rusiya Aerokosmik Qüvvələrinə təhvil verilib
“Roselektronika” holdinqi və “Birləşmiş Aviasiya Korporasiyası” tərəfindən təkmilləşdirilmiş növbəti A-50U havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsi (AEW&C – Airborne Early Warning and Control) Rusiya Aerokosmik Qüvvələrinə təhvil verilib.
Bu barədə “Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verib.
Təkmilləşdirmə nəticəsində A-50U təyyarəsi yeni sensorlar, LCD monitorlar, uçuş-naviqasiya sistemləri və digər cihazlarla təchiz edilib. Bu ona yeni tipli təyyarələri aşkarlamaq və daha çox hədəfi izləmək bacarığı qazandırıb. Eyni zamanda A-50U-nun təkmilləşdirilməsində müasir sistemlərdən istifadə olunması təyyarənin çəkisini azaldıb və döyüş tapşırıqlarını yerinə yetirərkən uçuş məsafəsini, eləcə də havada qalma müddətini artırmağa imkan verib.
Qeyd edək ki, hazırda Rusiya Aerokosmik Qüvvələrinin AEW&C ehtiyaclarını köhnəlmiş A-50 “Beriev” və A-50U təyyarələri ödəyir. Onların 2024-cü ildən Rusiya Aerokosmik Qüvvələrinin istifadəsinə verilməsi nəzərdə tululan A-100 “Premier” AEW&C təyyarələri ilə əvəzlənməsi planlaşdırılır.