THeMIS döyüş robotu AGIL silah stansiyası ilə təchiz olunub

THeMIS döyüş robotu AGIL silah stansiyası ilə təchiz olunub

“Milrem Robotics” və “Digital Bit” şirkətləri Rumıniyanın yerüstü döyüş robotlarına artan ehtiyacını qarşılamaq üçün güclərini birləşdirib.

“Poliqon” “Milrem Robotics”ə istinadən xəbər verir ki, ilkin mərhələdə “Digital Bit”in AGIL uzaqdan idarə edilən silah stansiyası “Milrem Robotics”in THeMIS yerüstü döyüş robotuna inteqarasiya olunub.

Bildirilib ki, AGIL silah stansiyası ilə təchiz olunan THeMIS robotu Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən BSDA-2024 sərgisində təqdim edilib.

Estoniyanın “Milrem Robotics” şirkəti tərəfindən inkişaf etdirilən THeMIS robotu kəşfiyyat-müşahidə və döyüş tapşırıqlarının yerinə yetirilməsi, habelə yüklərin daşınması və yaralıların əməliyyat meydanından təxliyə olunması üçün nəzərdə tutulub.

Döyüş robotunun maksimum hərəkət sürəti 20 km/saat, kütləsi 1630 kq və yük daşıma bacarığı 750 kq (maksimum 1200 kq) təşkil edir. O, hibrid güc paketi (dizel mühərrik və elektrik generatoru) ilə müştərilərə təklif olunur. Bundan başqa, THeMIS Li-ion tipli yenidən doldurula bilən batareyalar ilə təchiz edilə bilər. THeMIS hibrid mühərriklə 15 saat qədər, Li-ion batareyalarla isə 1.5 saata qədər fəaliyyət göstərə bilir. STANAG 3542 uyğun olaraq dizayn edilən yerüstü döyüş robotu 1080p görünütü keyfiyyətinə malik kameralara və LIDAR sensorlara sahibdir.

Rumıniyanın “Digital Bit” şirkətinin istehsal etdiyi AGIL uzaqdan idarə olunan silah stansiyası həm NATO, həm də Şərqi Avropa mənşəli 7.62 mm və 12.7 mm pulemyotlarla təchiz edilə bilər. Hərəkətli və hərəkətsiz platformalara quraşdırıla bilən silah stansiyası şəxsi heyətə daha təhlükəsiz fəaliyyət göstərməyə, hədəfləri yüksək dəqiqliklə aşkarlamağa, müşahidə etməyə və vurmağa imkan verir.

CATEGORIES
TAGS