
“TİTRA Teknoloji” şirkəti yeni pilotsuz helikopter hazırlayıb
Türkiyənin “TİTRA Teknoloji” şirkəti yerli və milli mühəndisləri ilə yeni pilotsuz helikopter hazırlayıb.
“Poliqon” “Tolgaozbek.com”a istinadən xəbər verir ki, yeni ALPİN-2 pilotsuz helikopteri əvvəlki versiya olan ALPİN-1-lə müqayisədə geniş mühəndislik təkmilləşdirmələri ilə təchiz edilib.
Bildirilib ki, xarici asılılığı aradan qaldıran layihələr hazırlamağa davam edən “TİTRA Teknoloji”, ALPİN-2-də autopilot avadanlığı və proqram təminatını da yeniləyib.
ALPİN-2, xüsusilə siqnal qarışdırıcı mühitlərdə aparılan əməliyyatlarda daha yüksək səmərəliliklə işləyəcək şəkildə hazırlanıb. Performans, texniki qulluq və kibertəhlükəsizlik nəzarətini tamamilə öz resursları ilə təmin edən “TİTRA Teknoloji”, yeni platforması ALPİN-2 ilə daha güclü, stabil və uzunmüddətli tapşırıqlarda səmərəli bir məhsulu Türkiyənin pilotsuz aviasiya vasitələri kateqoriyasına əlavə etmiş olub.
Bütün bunlara əlavə olaraq, ALPİN-2-də sensor və ətraf mühitin dərk edilməsi qabiliyyətləri də artırılıb, tapşırıq zamanı real vaxtda reaksiya verə biləcək texnoloji infrastruktur qazandırılıb.
Əvvəl ALPİN platformasında istifadə olunan xarici qarmaqla yerinə yetirilən yükdaşıma əməliyyatları, ALPİN-2 ilə birlikdə vinç sistemi üzərindən həyata keçirilən daxili yükləmə konsepsiyasına keçib.