
Türkiyənin Quru Qoşunları Komandanlığı açıqlanmayan BOYGA pilotsuz uçuş aparatının (PUA) qəbul fəaliyyətini tamamlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.
Qeyd edək ki, STM şirkətinin istehsal etdiyi BOYGA pilotsuz uçuş aparatı 2022-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilib. PUA-dan terrorla mübarizə, sərhəd əməliyyatları və beynəlxalq təlimlərdə aktiv şəkildə istifadə olunur.
Ötən ilin iyul ayında BOYGA ilk ixrac uğuruna da imza atıb. 81 mm-lik minaatan mərmisi daşıyan PUA-nın ilk xarici müştərisi adı açıqlanmayan Afrika ölkəsi olub.
STM şirkətinin taktiki mini PUA ailəsinin üzvü olan BOYGA təkmil ballistik qiymətləndirmə alqoritmi sayəsində daşıdığı xüsusi 81 mm-lik minaatan sursatını tam dəqiqliklə hədəfə buraxır. Terrorla mübarizədə və asimmetrik müharibə mühitində effektiv şəkildə istifadə edilə bilən BOYGA, minaatan sursatı ilə 30 dəqiqə havada qalma müddətinə malikdir. PUA-nın maksimum uçuş tavanı 3000 metr və əməliyyat mənzili 10 kilometrdir. 17 kq ağırlığa sahib olan BOYGA tək bir personal tərəfindən daşına bilir. STM, PUA-ya sursat sisteminin inteqrasiyasını “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirir.




