DənizXəbərlər

“Tritone” çoxməqsədli dəstək gəmisi İtaliya HDQ-yə təhvil verilib

“Fincantieri” şirkəti modernləşdirilmiş “Tritone” çoxməqsədli dəstək gəmisini İtaliya Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verib.

“Poliqon” “Fincantieri”yə istinadən xəbər verir ki, bu gəmi, xüsusilə sualtı mühitdə maksimum əməliyyat çevikliyini təmin etmək üçün layihələndirilib.

“Tritone” gəmisinin “Palermo” gəmiqayırma zavodunda həyata keçirilən geniş modernizasiya proqramı onun əməliyyat imkanlarını artırıb və İtaliya HDQ-nin milli komanda idarəetmə sistemi ilə inteqrasiyasını gücləndirib. Modul dizayn və çevik daxili planlama müxtəlif yük və sistemlərin, o cümlədən pilotsuz hava, suüstü və sualtı vasitələrin yerləşdirilməsi, idarə olunması, enerji ilə təminatı və texniki xidmətini mümkün edir. Bu, icra ediləcək missiyalara uyğun olaraq gəminin sürətli şəkildə yenidən konfiqurasiya olunmasına şərait yaradır.

Sözügedən modul arxitektura yalnız çeviklik baxımından deyil, həm də uzunmüddətli perspektivdə böyük üstünlük təmin edir. Belə ki, daşıyıcı platformada dəyişiklik etmədən ən yeni texnologiyaların inteqrasiyasına imkan verir və gələcək əməliyyat tələblərinə yüksək uyğunlaşma səviyyəsi yaradır.

“Tritone” həmçinin 2031-ci ildən etibarən İtaliya HDQ-nin donanmasına daxil olacaq çoxməqsədli sualtı müşahidə gəmiləri (UPSDS) üçün tələblərin formalaşdırılmasında da mühüm rol oynayacaq. Aparılacaq çoxsaylı sınaqlar vasitəsilə gəmi, milli təhlükəsizlik baxımından getdikcə daha strateji əhəmiyyət qazanan sualtı mühitdə əsas texnoloji və əməliyyat həllərinin inkişafına töhfə verəcək.

Back to top button