Türkiyə İDEF-2021 müdafiə sənayesi sərgisinə hazırlaşır

25-28 may 2021-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək IDEF-2021 XV beynəlxalq müdafiə sərgisininə hazırlıqlar davam edir.
Bu barədə “Poliqon”a Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondundan (TSKGV) məlumat verilib.
IDEF-2021 beynəlxalq müdafiə sərgisi Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondunun idarəçiliyi altında TÜYAP Sərgi və Konqres Mərkəzində keçiriləcək.
Milli Müdafiə Nazirliyinin ev sahibliyi ilə keçirilən IDEF-2021 sərgisində başda Türkiyə olmaqla müxtəlif ölkədən müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkət və dövlət müəssisələri iştirak edərək öz məhsullarını sərgiləyəcək. Sərgidə əsas ağırlıq Türkiyənin müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərin payına düşəcək. IDEF-2021 sərgisində önəmli yeni müqavilələrə imza atılacaq. Bu il 100-dən artıq imza mərasimi, toplantı və təqdimat gözlənilir.
IDEF-2021 sərgisini ABŞ, Əfqanıstan, Almaniya, Albaniya, Argentina, Avstraliya, Azərbaycan, Bəhreyn, Boliviya, Bosniya-Herseqovina, Braziliya, Əlcəzair, Çin, Ekvador, İndoneziya, Filippin, Fransa, CAR, Hindistan, Hollandiya, İraq, İngiltərə, İspaniya, İsveç, İsveçrə, İtaliya, Yaponiya, Kanada, Qətər, Qazaxıstan, Keniya, Kolumbiya, Cənubi Koreya, Küveyt, Şimali Kipr Türk Respublikası, Liviya, Macarıstan, Malaziya, Meksika, Nigeriya, Özbəkistan, Pakistan, Peru, Rusiya, Seneqal, Somali, Səudiyyə Ərəbistanı, Çili, Tunis, Türkmənistan, Uqanda, Ukrayna, Oman, Vyetnam və Yunanıstandan olan heyətlərin ziyarət etməsi gözlənilir.
Məlumatda o da qeyd olunub ki, IDEF-2021-də səmərəli və təhlükəsiz sərgi təşkil edilməsi üçün bütün tədbirlər görülür. Yeni tip koronavirus pandemiyası ilə mübarizə məqsədilə sərgi ərazisində sağlamlığı qorumaq üçün bütün tədbirlər tam şəkildə təmin ediləcək.
Qeyd edək ki, 2015-ci ildən “Poliqon” (“Azeri Defence”) jurnalı da IDEF sərgisində media tərəfdaş qismində təmsil olunur.




