Xəbərlər

Türkiyə müdafiə sənayesi sektorunun cari ildə ixracatı milyardı ötüb

Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2021-ci ilin mayında ixrac etdiyi məhsullarının nəticələrini açıqlayıb.

“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin mayında 170 milyon 347 min ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ümumi olaraq sektor tərəfindən 2021-ci ilin ilk 5 ayı ərzində 1.1 milyard ABŞ dollarından bir qədər çox ixrac həyata keçirilib:

  • Yanvarda 166 milyon 997 min;
  • Fevralda 233 milyon 225 min;
  • Martda 246 milyon 973 min;
  • Apreldə 302 milyon 548 min;
  • Mayda 170 milyon 347 min ABŞ dolları.

Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin mayında ixrac edilən məhsulların  dəyəri artıb. Belə ki, keçən il 112 milyon 428 min ABŞ dolları dəyərində məhsul ixrac edildiyi halda cari ildə bu rəqəm 170 milyon 347 min ABŞ dollarına yüksəlib.

Məlumata əsasən, ötən ilin mayında Türkiyə müdafiə sənayesi şirkətləri Azərbaycana 325 min ABŞ dolları dəyərində məhsul ixrac edib. 2021-ci ilin mayında isə bu rəqəm artaraq 18 milyon 573 min ABŞ dolları olub.

Qeyd edək ki, mayda ixracat həcminə görə 1-ci yerdə 90 milyon dollarla ABŞ, 2-ci pillədə 18.5 milyon ABŞ dolları ilə Azərbaycan və ilk üçlüyü 9.9 milyon ABŞ dolları ilə Polşa tamamlayır.

Onu da qeyd edək ki, TİM-in açıqladığı nəticələrə görə, Türkiyə müdafiə sənayesi şirkətləri 2021-ci ilin mayında Almaniyaya 8.5 milyon, Birləşmiş Ərəb Əmirliklərinə 7 milyon, Tunisə 6.3 milyon, Böyük Britaniyaya 4.9 milyon, Fransaya 1.6 milyon və Rusiyaya 543 min ABŞ dolları dəyərində ixracat reallaşdırıb.

Poliqon.az

Back to top button