Türkiyə və Özbəkistan hərbçilərinin birgə təlimləri keçirilib

Özbəkistanın Cənub Əməliyyat Komandanlığının “Termiz” səhra poliqonunda Türkiyə və Özbəkistanın xüsusi təyinatlı qüvvələrinin iştirak etdiyi təlimlər keçirilib.
“Poliqon” Özbəkistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təlimlərə birbaşa olaraq Türkiyənin Baş Qərargah rəisi general Yaşar Gülər və Özbəkistanın Baş Qərargah rəisi general Şöhrat Xolmuhammədov rəhbərlik edib.
Taktiki təlimlərin əsas mərhələsində hər iki ölkənin hərbçiləri fərqli şəraitlərdə şərti silahlı qrupları zərərsizləşdirmək üçün tədbirlər icra ediblər.
Təlim planına görə, əvvəlcə dövlət sərhəddini pozmağa çalışan şərti düşmən haqqında pilotsuz uçuş aparatından (PUA) istifadə etməklə məlumat əldə edilib. Sonra toplanan informasiya əsasında iki ölkənin XTQ-ləri təyyarə, zirehli döyüş maşınları və odlu silahlardan istifadə etməklə şərti düşməni məhv edib.
Təlimlərin sonunda hər iki ölkənin fəal iştirak edən hərbçilər mükafatlandırılıb.






