Türkiyə HDQ üçün inşa olunan patrul gəmiləri suya endirilib və “PNS Babur” Pakistan HDQ-yə təhvil verilib – VİDEO

Türkiyə HDQ üçün inşa olunan patrul gəmiləri suya endirilib və “PNS Babur” Pakistan HDQ-yə təhvil verilib – VİDEO

Türkiyə Hərbi Dəniz Qüvvələri üçün inşa olunan TCG AKHİSAR (P-1220) və TCG KOÇHİSAR (P-1221) açıq dəniz patrul gəmiləri suya endirilib.

“Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bundan başqa, Pakistan Hərbi Dəniz Qüvvələri üçün inşa edilən “PNS Babur” (F-280) korveti də müştəriyə təhvil verilib.

Bu münasibətlə keçirilən mərasimdə Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Pakistanın müdafiə naziri Ənvər Əli Heydər, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürak və müdafiə sənayesi başqanı Haluk Görgün iştirak edib.

Mərasimdə çıxış edən milli müdafiə naziri Yaşar Güler, ​​Pakistan HDQ üçün İstanbul və Kəraçi tərsanələrində dörd korvetin, Türkiyə HDQ üçün isə iki dəniz patrul gəmisinin eyni vaxtda inşasının ölkə tarixində bir ilk olduğunu vurğulayıb.

Türkiyənin milli müdafiə naziri ​​Pakistanla hər sahədə əlaqələrin gündən-günə artdığını qeyd edib: “Müdafiə sənayesi sahəsində layihələrimiz əməkdaşlığımızın mühüm sütunlarından birini təşkil edir. Üstəlik, getdikcə kövrəkləşən qlobal təhlükəsizlik mühitində dost və müttəfiq ölkələr arasında əməkdaşlıq və həmrəyliyin hər zamankindən daha vacib olduğunu nəzərə alsaq, müdafiə sənayesi sahəsindəki əməkdaşlıq da böyük əhəmiyyət kəsb etməkdədir. Bu kontekstdə həyata keçirilən və kritik əhəmiyyət kəsb edən MİLGEM layihələri, regionlarında iki fəal ölkə olan Türkiyə və Pakistan üçün böyük qazancdır”.

Yaşar Güler Pakistanın dəniz qüvvələrini gücləndirmək üçün onları seçməsinin xüsusi sevinc olduğunu bildirib: “Türkiyə müdafiə sənayesinin əldə etdiyi üstün səviyyəni nümayiş etdirən bu layihə ilə ölkələrimiz arasında strateji əməkdaşlıq daha da gücləndi, layihənin uğurla başa çatması isə yeni işbirliklərinə yol açdı. İnanırıq ki, layihə çərçivəsində bu gün təhvil veriləcək BABUR gəmisi Pakistan Silahlı Qüvvələrinin imkan və bacarıqlarını artıraraq Pakistanın müdafiə və təhlükəsizliyinə mühüm töhfələr verəcək. Arzumuz dost və qardaş ölkə Pakistanla ortaya qoyduğumuz bu əməkdaşlığın və çalışma mədəniyyətinin quru və hava platformaları ilə daha da güclənməsidir”.

Nazir Türkiyə Hərbi Dəniz Qüvvələri üçün inşa edilən TCG AKHİSAR və TCG KOÇHİSAR gəmilərini suya endirilməsindən qürur duyduqlarını vurğulayıb: “Yerli və milli müdafiə sənayemizin gəldiyi yüksək səviyyəni nümayiş etdirən bu gəmilərin donanmamıza qatılması ilə Hərbi Dəniz Qüvvələrimiz mavi vətəndə əməliyyat fəallığını və effektivliyini daha da artıracaq və dünyanın qabaqcıl dəniz qüvvələri arasında seçilən yerini daha da möhkəmləndirəcək”.

Türkiyə Ordusunun terrorla mübarizədə qazandığı uğurları diqqətə çatdıran Yaşar Güler qeyd edib: “Eyni şəkildə can qardaşımız Azərbaycanı “bir millət, iki dövlət” anlayışı ilə dəstəkləməyə davam edirik. Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün atdığı haqlı addımları da böyük məmnuniyyətlə izləyirik. Biz kədərdə və sevincdə hər zaman Azərbaycanın yanında olacağıq”.

Qeyd edək ki, həm ADKG (Açık Deniz Karakol Gemileri) layihəsi əsasında Türkiyə HDQ üçün inşa olunan patrul gəmiləri, həm də PN MİLGEM layihəsi çərçivəsində Pakistan HDQ üçün inşa olunan korvetlər Türkiyə Milli Müdafiə Nazirliyinə bağlı ASFAT şirkətinin baş podratçılığı ilə həyata keçirilir.

PN MİLGEM layihəsi çərçivəsində 2018-ci il senyabrın 6-da ASFAT ilə Pakistan Müdafiə İstehsalat Nazirliyi arasında 4 gəminin inşasını nəzərdə tutan müqavilə imzalanıb.

Layihənin ilk gəmisi “PNS Babur” 2021-ci ilin avqustunda İstanbul Tərsanə Komandanlığında, ikinci gəmi “PNS Badr” 2022-ci ilin mayında Kəraçi Tərsanə Komandanlığında, üçüncü gəmi “PNS Khaiber” 2022-ci ilin noyabrında İstanbul Tərsanə Komandanlığında və dördüncü gəmi “PNS Tariq” cari ilin avqustunda Kəraçi Tərsanə Komandanlığında suya buraxılıb.

PN MİLGEM Layihəli korvetin uzunluğu 108,2 m, eni 14,8 m, su basımı 2985 ton təşkil edir. 142 personalı daşımaq qabiliyyətinə malik korvetin sürəti 26+ düyün, mənzili isə 4000 NM-dir. Korvet 1 ay ərzində bazadan uzaqda əməliyyat aparmaq imkanına sahibdir.

Pakistan HDQ-yə təhvil verilən ilk “PNS Babur” korveti Türkiyənin ASELSAN şirkəti tərəfindən istehsal edilən radar, rabitə, naviqasiya, silah, elektron müharibə və özünümüdafiə sistemləri ilə təchiz olunub.

ASFAT şirkəti ADKG layihəsi çərçivəsində Türkiyə HDQ üçün ilk gəmilərin (P-1220 və P-1221) inşasına ötən ilin aprel ayından başlayıb və cəmi 17 ay ərzində artıq iki gəmini suya endirməyə nail olub.

MİLGEM ADA sinif korvet dizaynı əsasında hazırlanan patrul gəmiləri daha sadə silah və sensor yükünə sahibdir və 76 mm-lik top ilə təchiz edilib. Gəmilərdə helikopter və pilotsuz uçuş aparatları üçün eniş-qalxış meydançası nəzərdə tutulub. Onların uzunluğu 99.56 m, eni 14.42 m, sürəti 24 kts, su basımı isə 2300 tondur. Gəmilərdə ASELSAN şirkətinin radar, naviqasiya, rabitə və silah sistemləri quraşdırılıb.

Açıq Dəniz Patrul Gəmisi layihəsi çərçivəsində Türkiyə HDQ üçün ümumilikdə 10 patrul gəmisinin inşa edilməsi planlaşdırılıb.

CATEGORIES
TAGS