Türkiyə Milli müdafiə nazirinin müavini Naxçıvanda işgüzar səfərdə olub

Türkiyə Milli müdafiə nazirinin müavini Naxçıvanda işgüzar səfərdə olub

Türkiyə Milli müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvanda işgüzar səfərdə olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, nümayəndə heyəti ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsi önünə gül dəstəsi qoyub və Heydər Əliyev Muzeyini ziyarət edib.

Muzeyi ziyarət edən qonaqlar ümummilli liderin Azərbaycana həsr etdiyi ömür yolunu özündə əks etdirən eksponatlarla yaxından tanış olublar. Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndə heyəti Mustafa ­Kamal Atatürkün Naxçıvan şəhərindəki büstünü ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qonaqlar Naxçıvan şəhərindəki Türk şəhidləri abidəsini, Şəhidlər xiyabanını və Ana fəryadı xatirə heykəlini ziyarət ediblər.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Naxçıvanda işgüzar səfərdə olan Türkiyə Milli müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilən birgə təlimlərin və hazırda uğurla davam edən “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təliminin hər iki ölkənin hərbi qulluqçularına qazandırdığı təcrübənin əhəmiyyətindən danışılıb. Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” şüarı keçirilən təlimlərdə və ixtisas hazırlığı kurslarında birliyin və  bərabərliyin ifadəsinə çevrildiyi diqqətə çatdırılıb.

Görüşdən sonra Əlahiddə Ümumqoşun Ordunun hərbi zavodu ilə tanışlıq zamanı nümayəndə heyətinə burada görülən işlər barədə ətraflı məlumat verilib. İşgüzar səfər çərçivəsində Naxçıvan şəhərində salınan Türkiyə-Naxçıvan Dostluq Parkında ağacəkmə aksiyası keçirilib və Duzdağ Fizioterapiya Mərkəzi ziyarət olunub.

Oktyabrın 1-də Türkiyə Milli müdafiə nazirinin müavini Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvana işgüzar səfəri başa çatıb.

dere4

dere2

dere1

Poliqon.az

CATEGORIES
TAGS