Türkiyə Özbəkistanla texnopark təcrübələrini paylaşacaq

Daha əvvəl Azərbaycanla əməkdaşlıq edərək Bakıda texnoparkın yaradılması ilə bağlı təcrübələrini bölüşən Türkiyənin İstanbul Texnoparkı bu dəfə öz təcrübə və biliyini Özbəkistanla bölüşmək üçün protokol imzalayıb.
“Poliqon”un məlumatına görə, əməkdaşlıq protokolu çərçivəsində Türkiyə tərəfi Özbəkistanda texnologiyanın inkişafı zonasının yaradılması məqsədilə bu sahədəki bilik və təcrübəsini bölüşəcək.
Tərəflər təhsil, yeni texnologiyalar, innovativ və sahibkarlıq təşkilati strukturunun yaradılması və inkişafı, elm və texnologiyalar parklarının, inkubasiya mərkəzlərinin inkişafı və idarə edilməsi sahələrində birgə layihələrin və əməkdaşlığın inkişaf etdirilməsini təşviq edəcəklər.
Həmçinin iki ölkə ekspert və tədqiqatçılara mübadilə proqramları hazırlayaraq birgə layihələrdə iştirak etməyi tövsiyə edəcək.
Əməkdaşlıq çərçivəsində birgə simpozium, forum və seminarlar kimi tədbirlər üçün hərtərəfli məsləhətləşmələrin təşkili də nəzərdə tutulub.




