Türkiyə Somali ordusuna 8 zirehli maşın və 14 ZTR bağışlayıb

Türkiyə, Somali ordusuna təmənnasız olaraq ümumilikdə 22 ədəd zirehli texnika – 8 ədəd “Kirpi” zirehli maşını və 14 ədəd zirehli transportyor (ZTR) hədiyyə edib.
“Poliqon” “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, təqdimat mərasimi Somalinin paytaxtı Moqadişo şəhərində baş tutub.
Tədbirə Türkiyənin Somalidəki səfiri Mehmet Yılmaz və Somali Silahlı Qüvvələrinin Baş Qərargah rəisi briqada generalı Odovaa Yusuf Rageh qatılıb.
Nəqliyyat vasitələri “Əş-Şəbab” terrorçuları ilə mübarizə aparan “Qorqor” xüsusi təyinatlı qrupu tərəfindən istifadə ediləcək. Qeyd edək ki, “Qorqor” qrupuna Türkiyədə təlim keçmiş xüsusi təyinatlılar daxildir.
Xatırladaq ki, Somali, bununla, minaya qarşı mühafizəli “Kirpi” zirehli maşınını əldə edən dünyanın üçüncü operatoru oldu. Türkiyə istehsalı olan ilk zirehli maşınlar bu yaxınlarda Afrika kontingentinin başqa bir ölkəsi Tunis tərəfindən alınıb. Tunis Müdafiə Nazirliyi və Türkiyənin istehsalçı şirkəti BMC arasında 2020-ci ildə 46 ədəd zirehli maşın tədarükü barədə müqavilə imzalanıb.

Əhəd Əzizov




