Türkiyə STM500 sualtı qayığını ilk dəfə Bakıda təqdim edəcək
Bakıda 6-8 sentyabrda keçiriləcək ADEX-2022 müdafiə sərgisində Türkiyənin STM şirkəti özünün dəniz platformalarını, təhlükəsizlik həllərini və pilotsuz uçuş aparatını nümayiş etdirəcək.
STM şirkətindən “Poliqon”a verilən məlumata görə, şirkət ilk dəfə ADEX-də STM500 sualtı qayığını sərgiləyəcək.
Tamamilə Türkiyə mühəndisləri tərəfindən dizayn edilən kiçik ölçülü STM500 sualtı qayığı həm dayaz sularda, həm də açıq dəniz şəraitində fəaliyyət göstərə biləcək müasir texnoloji həlləri özündə cəmləşdirir. STM500 kəşfiyyat, xüsusi təyinatlı qüvvələrin əməliyyatları, sualtı müharibə kimi qlobal taktiki ehtiyaclara cavab verəcək şəkildə hazırlanıb və avadanlıqlar ilə təchiz olunub.
Bundan başqa, STM sərgidə Tükiyənin ilk milli freqatı olan “İstif” sinifinə aid MİLGEM-i, STM-MPAC hücum katerini, habelə KARGU, ALPAGU və TOGAN pilotsuz uçuş aparatlarını nümayiş etdirəcək.