Türkiyədə “Altuğ” 8×8 zirehli maşını yaradılıb
Zirehli döyüş maşını (ZDM) və zirehli transportyor (ZTR) olan “Altuğ” 8×8 ənənəvi və asimmetrik döyüş şəraitində bütün ehtiyacları ödəmək üçün təyin edilib.
“Poliqon” xəbər verir ki, Türkiyənin müdafiə sənayesi istehsalçısı olan BMC şirkəti 8×8 təkər formullu “Altuğ” ZDM və ZTR-i istismara daxil edir.
“Altuğ” 8×8 ZDM və ZTR ilk dəfə geniş ictimaiyyətə ötən ayın 17-20-si tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən IDEF-2021 sərgisində təqdim edilib.
Ən son texnologiyalara əsaslanaraq layihələdirilmiş “Altuğ” 8×8 ZDM və ZTR asimmetrik döyüşdə böyük üstünlük təmin edəcək. 35 mm-lik toplu qülləyə sahib “Altuğ” 8×8 ZDM və 12,7 mm-lik pulemyotlu qülləli “Altuğ” 8×8 ZTR təkcə Türkiyədə deyil, bir çox dost və müttəfiq ölkələrdə böyük maraq doğuracağı gözlənilir.
Özünün üstün xassələri ilə yeni nəqliyyat vasitələri bütün aspektlərdə ön plana çıxır. “Altuğ” 8×8 seriyası 80% yerli istehsaldır. Bundan başqa, maşınların bütün modifikasiyalarında yerli ox avadanlığına əlavə olaraq, 12,7 mm silah qülləli 8×8 və 6×6 təkər formullu versiyalarda yerli mühərriklərin istifadəsi üzərində işlər də davam etdirilir.
“Altuğ” 8×8 zirehli maşını 7,62 mm-dən 120 mm-ə qədər olan bütün növ çaplı silahları və 8 tona qədər yükü daşımaq qabiliyyətinə malikdir. ZDM minalara və əldəqayırma partlayıcı maddələrə qarşı əla müdafiə təmin edir. Çıxarıla və dəyişdirilə bilən lyuk konsepti ilə “bir platformada çoxfunksiyalılıq” təqdim edən “Altuğ” 4 oxlu idarəetməsi sayəsində yüksək manevr qabiliyyəti ilə xarakterizə olunur.
“Altuğ” 8×8 böyük daxili həcmi sayəsində bütün iqlim və coğrafi şəraitdə heyət üçün yüksək səviyyədə rahatlıq təmin edir. “Altuğ” yüksək sistem etibarlılığına və aşağı qiymətə malikdir. Hal-hazırda BMC şirkəti 5 ədəd “Altuğ” 8×8 ZDM hazırlayıb.
“Altuğ” 8×8 ZDM
“Altuğ” 8×8 ZTR
Əhəd Əzizov