Türkiyədə “Zaha” ZTR-in təsnifat sınaqları keçiriləcək

Türkiyədə “Zaha” ZTR-in təsnifat sınaqları keçiriləcək

Türkiyənin yeni üzən “Zaha” tırtıl zirehli transportyorunun (ZTR) təsnifat sınaqları keçiriləcək.

FNSS şirkətindən “Poliqon”a verilən məlumata görə, Türkiyə Silahlı Qüvvələrinə 23-ü şəxsi heyət, 2-si idarəetmə və 2-si təmir-təxliyyə maşını olmaqla, ümumilikdə 27 ədəd “Zaha” tırtıllı ZTR verəcək.

İlk “Zaha” ZTR-i təsnifat sınağını keçdikdən sonra 2021-ci ildə təhvil veriləcək. Yeni ZTR-lərin tədarükü layihəsinin 2022-ci ildə başa çatdırılması planlaşdırılır.MRS5904

“Zaha” yüksək mobilliyə malikdir, dənizdə saatda 7 düyün, quruda isə saatda 70 km maksimal sürətlə hərəkət edir.

“Zaha” ZTR zirehli gövdəsi alüminium-maqnezium ərintisindən hazırlanmışdır və keramik əlavələrdən ibarətdir. Mina əleyhinə mühafizə elementləri var, ön və yan hissələr (proyeksiyalar) əlavə zireh elementləri ilə örtülmüşdür. Əlavə modulları olan gövdə 14,5 mm-ə qədər çaplı zirehdələn güllələrdən qorunmanı təmin edir.

“Zaha” ZTR-də 600 at gücünə malik Caterpillar C13 mühərriki və Alisson avtomatik transmissiyası quraşdırılıb. Şassi altı dayaq vərdənəsinə və torsion asqıya malikdir. Arxa tərəfdə suda hərəkəti təmin edən iki su mühərriki yerləşdirilib.

Transportyorun döyüş kütləsi 30 tondur. Zirehli transportyor versiyasında maşına 3 heyət üzvü və 21 desant yerləşir. Maşın suda aşan zaman əvvəlki vəziyyətinə qayıda bilir.

MRS5906Silahlanmasına 12,7 mm-lik pulemyot və 40 mm-lik avtomatik qumbaraatan olan uzaqdan idarə olunan modul daxildir.

Xatırladaq ki, “Zaha” proqramının icrasına 2017-ci ilin mart ayında FNSS şirkəti və Türkiyə Müdafiə Sənayesi Başqanlığı (SSB) arasında 27 ədəd transportyorun layihələndirilməsi, inkişafı və istehsalı üçün müqavilə imzaladıqdan sonra başlanıb.

FNSS şirkəti “Zaha” zirehli transportyorunu ilk dəfə 2019-cu ilin may ayında İstanbulda keçirilən IDEF-2019 Müdafiə və Sənaye Sərgisində rəsmən təqdim edib.

IDEF-2021 sərgisində “Zaha” zirehli amfibiya transportyoru üzərində ÇAKA adlı uzaqdan idarə olunan döyüş qülləsi ilə nümayiş etdirilib.

MRS5802

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS