Türkiyənin hərbi gəmiləri STM-in “Yalpa” sönümləndirmə sistemi ilə təchiz olunacaq
Türkiyənin STM şirkəti dəniz sistemləri sahəsində xarici asılılığı azaltmaq məqsədi ilə daha bir məhsulu milliləşdirib.
“Poliqon” STM-ə istinadən xəbər verir ki, suüstü hərbi döyüş gəmilərinin istənilən hava və dəniz şəraitində təhlükəsiz fəaliyyət göstərməsini təmin edən “Yalpa” sönümləndirmə sistemi yerli şəkildə istehsal olunacaq.
“Yalpa” sönümləndirmə sistemi STM ilə “Robotek Otomasyon Teknolojileri LTD” şirkəti tərəfindən birgə inkişaf etdirilib. Artıq dizayn və istehsal mərhələsini geridə qoyan “Yalpa” sistemi ixrac layihəsi çərçivəsində adı açıqlanmayan müştərinin iki korvetinə inteqrasiya ediləcək. Sözügedən sistemin MİLGEM layihəsi əsasında Türkiyə Hərbi Dəniz Qüvvələri üçün inşa olunan 6-cı, 7-ci və 8-ci freqatlara da inteqrasiyası gözlənilir.
İnkişaf etdirilən yeni sistem ilə bağlı fikirlərini bölüşən STM-in baş direktoru Özgür Güleryüz, müdafiə sənayesi sahəsində ölkənin xarici asılılığını azaltmaq üçün milliləşdirməyə dair atılan addımlardan danışıb: “Güclü ekosistemimizin göstəricisi olan “Yalpa” sönümləndirmə sistemini Türkiyədə ilk dəfə milliləşdirməyə nail olduq və ixrac layihəmizə daxil etdik. Gəminin suda qalan hissəsinə, yəni gövdəsinə quraşdırılmış “Yalpa” sönümləndirmə sistemini balığın üzgəcləri ilə müqayisə edə bilərik. Bu üzgəclər ağır hava və dəniz şəraitində işə düşür və gəminin stabil şəkildə qalmasını dəstəkləyir.
Bu sistemin xaricdən alınması zərurətini aradan qaldıraraq, ölkəmizdən valyuta çıxışının qarşısını aldıq. Türkiyə Silahlı Qüvvələrinə və müdafiə sənayesinə kritik sistemləri qazandırmağadavam edəcəyik”.
Gəminin hər iki tərəfdə həddindən artıq əyilmənin qarşısını almaq üçün hazırlanmış “Yalpa” sistemi onlara dalğalı dənizlərdə fəaliyyət göstərmək imkanı verir, döyüş zamanı ani manevr nəticəsində meydana gələn mənfi hərəkətləri minimuma endirir, şəxsi heyətin təhlükəsizliyini və platformanın əməliyyat səmərəliliyini artırır. Bundan başqa, helikopterlərin gəmiyə təhlükəsiz şəkildə eniş-qalxışını və atəş zamanı silah sistemlərinin stablizasiyasını da təmin edir.