Türkiyənin “Kargu” kamikadze PUA-ları adı açıqlanmayan ölkəyə ixrac olunub

Türkiyənin “Kargu” kamikadze PUA-ları adı açıqlanmayan ölkəyə ixrac olunub

Türkiyənin STM şirkətinin yerli imkanlar hesabına hazırladığı və seriyalı istehsal etdiyi “Kargu” süzən sursatının (kamikadze PUA) ilk ixracatı həyta keçirilib.

“Poliqon”un məlumatına görə, bunu Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün rəsmi sosial media hesabında bildirib.

“Türkiyə Müdafiə Sənayesi olaraq, qabiliyyətlərimizlə dünyaya açılmağa davam edirik! Milli qürurumuz portativ dönər qanadlı “Kargu” kamikadze PUA ilk ixracat uğurunu qazandı!”, – deyə İsmail Dəmir vurğulayıb.

Qeyd edək ki, ötən il STM şirkəti “Kargu” kamikadze PUA-ların ixracına dair üç ölkə ilə danışıqların aparıldığını və yaxın vaxtlarda bu ölkələrlə dronlarının tədarükünə dair müqavilə imzalanacağını bildirmişdi.

2017-ci ildən bəri Türkiyə ordusunun arsenalına daxil edilən “Kargu” kamikadze PUA gündüz və gecə kəşfiyyat və hücum əməliyyatları üçün nəzərdə tutulub. “Kargu” PUA əsasən verilən koordinata və ya görüntü əsasında seçilən hədəfə kamikadze hücumu həyata keçirmək üçün təyinatlandırılıb. “Kargu” müasir hədəf aşkarlama və izləmə alqoritminə sahibdir.

Avtonom uçuş, dəqiq zərbə endirmə funksiyasına malik multikopter tipli “Kargu” məhvetmə gücü, dəqiqliyi və müasir texnologiyalar əsasında hazırlanması sayəsində düşmən qüvvələrinə sürpriz hücumlar təşkil etməklə yanaşı, həyata keçirilən döyüş əməliyyatlarına dəstək olur.

“Kargu” bir əsgər tərəfindən daşına və idarə oluna bilir. Bir mərkəzdən idarə edilən dron sürüləri süni zəkanın, üz və obyekt tanıma kimi qabaqcıl alqoritmləri sayəsində hücum ediləcək hədəfləri özləri seçir və hədəfə taran etməklə, yaxud bəlli məsafədə özünü partlatma üsulu ilə hədəfi məhv edir.

Rizvan Fikrətoğlu

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş