TÜRKSAT 6A rabitə peyki xidmətə başlayıb

TÜRKSAT 6A rabitə peyki xidmətə başlayıb

Türkiyənin ilk yerli və milli rabitə peyki olan TÜRKSAT 6A xidmət göstərməyə başlayıb.

“Poliqon” Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbər verir ki, bununla bağlı TÜRKSAT Gölbaşı Kampusunda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə mərasim keçirilib.

Mərasimdə çıxış edən Türkiyə prezidenti, TÜRKSAT 6A peykinin 9 iyul 2024-cü ildə kosmosa göndərildiyini, ilk sınaq yayımının isə 17 fevral tarixində həyata keçirildiyini bildirib.

Ən az 15 il xidmət göstərəcək TÜRKSAT 6A ilə birlikdə TÜRKSAT tərəfindən idarə olunan rabitə peyklərinin sayının 6-ya, kosmosdakı ümumi peyk sayının isə 10-a yüksəldiyini söyləyən R.T.Ərdoğan, yer sabit xüsusiyyətinə malik bu yeni rabitə peykinin televiziya yayımı başda olmaqla, fövqəladə vəziyyətlərdə rabitə xidmətlərini də geniş əhatə sahəsində təmin edəcəyini vurğulayıb.

Türkiyə prezidenti qeyd edib ki, xüsusilə rabitə peykləri kimi texnologiyaların xaricdən asılı olmadan istehsal edilməsi milli təhlükəsizlik baxımından son dərəcə önəmlidir.

“80 faizdən çox yerlilik səviyyəsi ilə 84 yerli avadanlıqdan istifadə edərək hazırladığımız TÜRKSAT 6A ilə birlikdə Türkiyə öz rabitə peykini istehsal edə bilən 11 ölkədən birinə çevrildi. Yeni rabitə peykimiz, yerli və milli texnologiya istehsalı hədəfimiz istiqamətində 20 ilə yayılan diqqətli, gərgin və əziyyətli bir çalışmanın məhsuludur”, – deyə R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, TÜRKSAT 6A peyki Türkiyənin TÜBİTAK UZAY, TUSAŞ, ASELSAN və CTECH şirkətləri tərəfindən birgə istehsal olunub. Peykin istehsalı və sınaqları ilə bağlı bütün fəaliyyətlər TUSAŞ şirkətinin Kosmik Sistemlərin İnteqrasiyası və Test (USET) mərkəzində aparılıb. Yanacaqla birlikdə kütləsi 4 tondan çox olan TÜRKSAT 6A peykinin Türkiyə ilə yanaşı bir çox Avropa, Şimali Afrika, Yaxın Şərq və Asiya ölkələrinə də xidmət göstərməsi nəzərdə tutulub.

TÜRKSAT 6A rabitə peyki ötən ilin iyulunda ABŞ-ın Florida ştatından “SpaceX” şirkətinin “Falcon 9” daşıyıcı raketi ilə orbitə buraxılıb.

CATEGORIES
TAGS