TUSAŞ şirkəti AzTU-nun tələbələrini istehsalat təcrübəsinə dəvət edib

Türkiyənin Türk Aviasiya və Kosmik Sənaye şirkəti (TUSAŞ) Azərbaycan Texniki Universitetinin (AzTU) əyani bölmələrində təhsil alan IV kurs tələbələrini (İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri istisna olmaqla) istehsalat təcrübəsinə dəvət edir.
Bu barədə “Poliqon”a Azərbaycan Texniki Universitetinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 16 fevral – 25 may 2022-ci il tarixləri arasında nəzərdə tutulan təcrübə proqramının səfər xərcləri təcrübəçi; yataqxana, qidalanma və Ankara şəhərində nəqliyyat xidmətlərindən istifadə xərcləri isə TUSAŞ tərəfindən qarşılanacaq.
Bundan əlavə, bütün namizədlərə TUSAŞ tərəfindən Türkiyədə 2022-ci il üçün nəzərdə tutulmuş minumum əməkhaqqının 1/3-i dəyərində təqaüd də ödəniləcək.
Maraqlanan tələbələrin ingilis dilində yazılmış CV-ləri ilə birlikdə qeydiyyatdan keçmələri tələb olunur.
Qeyd edək ki, tələbələrin təcrübə proqramına seçimi TUSAŞ tərəfindən həyata keçiriləcək.
Müraciət üçün son tarix: 06.02.2022.




