Ukrayna 155 mm-lik idarə olunan artilleriya mərmisi yaradır

Ukraynada yaxın illərdə “Kvitnik/Barvinok” proqramı çərçivəsində NATO standartlarına uyğun gələn 155 mm-lik idarə olunan və 50 km atəş məsafəsinə sahib artilleriya mərmisinin yaradılması planlaşdırılır.
“Poliqon” xəbər verir ki, sursat “Ukroboronprom” konserninin “Yüksək dəqiqlikli silahlar və döyüş sursatları” departamentinə daxil olan “Proqres” Elmi-İstehsalat Kompleksi və “Toçnost” Mərkəzi Konstruktor Bürosu tərəfindən yaradılıb.
Döyüş sursatlarının istehsalı sahəsinin inkişafı planları barədə “Ukroboronprom” konserninin “Yüksək dəqiqlikli silahlar və döyüş sursatları” departamentinin direktoru Andrey Artyuşenko yerli “Security Talks” internet-televiziyasına müsahibəsi zamanı bildirib ki, “yaxın gələcəkdə Ukrayna Silahlı Qüvvələri tam şəkildə NATO standartlarına keçəcəkdir. Belə ki, həmin vaxtadək Ukrayna SQ silahlanmasında duran köhnə sovet istehsalı artilleriya silahları artıq öz resursunu tam başa vurmuş olacaqdır. Biz başa düşürük ki, SSRİ-də hazırlanmış artilleriya sistemlərinin həyat silsiləsi və resursu yaxın beş ildə başa çatacaqdır”.
Hazırda “Ukroboronprom” konserninin “Yüksək dəqiqlikli silahlar və döyüş sursatları” departamentinin əsas tapşırıqlarına NATO standartlarına cavab verən 120 mm-lik və 155 mm-lik idarə olunan döyüş sursatlarının yaradılması və istehsalı aiddir.
155 mm-lik “Kvitnik” idarə olunan artilleriya sursatı hələ 2012-ci ildə Ukrayna SQ tədarük edilmiş 152 mm-lik “Kvitnik” idarə olunan artilleriya sursatının əsasında yaradılıb. Donbas münaqişəsi başlayana qədər məmulat Rusiya Hərbi sənaye kompleksinin müəssisələri ilə kooperasiya şəraitində istehsal edilib (30% Ukrayna, 70% Rusiya dəstləşdiriciləri). Münaqişənin başlaması ilə kooperasiya istehsalı dayandırılmış, 2017-ci ildən etibarən isə təkmilləşdirilmiş sursatın istehsalı yerli və Avropa dəstləşdiriciləri əsasında yerinə yetirilib.
Hələ 2020-ci ilin payızında “Defense Express” nəşri məlumat verib ki, “Ukroboronprom” konserninə daxil olan müəssisə tərəfindən yaradılmış və “Barvinok” adı almış 152/155 mm-lik çaplı, yarıaktiv lazer tuşlamalı atəş yığımlarının dövlət sınaqlarının keçirilməsi planlaşdırılıb.
Əsas xassələri: çapı – 152 və ya 155 mm, mərminin uzunluğu – 1200 mm, özütuşlama başlığının (ÖTB) uzunluğu – 250 mm, ÖTB kütləsi – 3,6 kq, mərminin kütləsi – 48 kq, partlayıcı maddənin kütləsi – 8 kq, atəş məsafəsi – 3-20 km, işləməsi üçün ətraf mühitin temperaturu – -50…+50 dərəcədir.

Əhəd Əzizov




