Xəbərlər

Ukrayna dövlət müdafiə sifarişlərinin parametrlərini müəyyənləşdirib

Ukraynada 2021-2023-cü illər üçün dövlət müdafiə sifarişlərinin parametrləri müəyyənləşdirildi.

“Poliqon” xəbər verir ki, Ukrayna Prezidentinin bu barədə müvafiq Fərman imzalaması haqqında məlumatı Ukrayna Müdafiə Nazirliyinin “Armyinform” nəşri yayıb.

Ukrayna Prezidenti Volodimir Zelenskinin 132/2021 saylı Fərmanı ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 11 mart 2021-ci il tarixli “2021 və 2022, 2023-cü illər üçün dövlət müdafiə sifarişinin əsas göstəriciləri haqqında” qərarı qüvvəyə minib.

Sənəddə deyilir ki, müdafiə satınalma prosedurları mümkün qədər avtomatlaşdırılmalı, 2021-ci ildə “Dövlət müdafiə sifarişi”nin parametrləri və maliyyələşdirilməsi, xüsusən də raket proqramları stabil olmalıdır.

Fərmana əsasən Ukrayna Nazirlər Kabineti dövlət müdafiə sifarişinin əsas göstəricilərini iki həftə ərzində işləyib yekunlaşdırmalı və təsdiqləməlidir.

Sənədə əsasən, hökümət, həmçinin “Dövlət müdafiə sifarişi”ni cari 2021-ci il il üçün tam maliyyələşdirməlidir. Prioritet proqramlara, xüsusən də raket silahlarına xərclər tam və müstəsna olaraq dövlət büdcəsinin ümumi fondundan maliyyələşdirilməlidir.

Eləcə də, Ukrayna Nazirlər Kabineti “cari il ərzində dövlət müdafiə sifarişinin əsas göstəricilərinin əsassız olaraq yenidən nəzərdən keçirilməsinə” qarşı tədbirlər tapmalıdır.

Bundan başqa, Fərmanda, hökumətin Ukraynanın milli təhlükəsizliyi və müdafiəsi ilə bağlı maddələrə dair Milli Təhlükəsizlik və Müdafiə Şurasının təkliflərini nəzərə alaraq, “Ukraynanın 2022-ci il Dövlət Büdcəsi haqqında qanun layihəsi”nin hazırlanmasını və təsdiqlənməsini təmin etməsi bildirilir.

Sənəddə “Dövlət müdafiə sifarişi” üzrə dövlət müştəriləri tərəfindən silahların, hərbi və xüsusi texnikanın yaradılması və istehsalı məqsədi ilə Ukraynanın müdafiə sənayesi müəssisələri ilə uzunmüddətli müqavilələrin bağlanmasını 2021-2023-cü illər üçün dövlət müdafiə sifarişi ilə müəyyən edilmiş nomenklaturanın və həcmlərin əks etdirildiyi əsas göstəricilərə uyğun təmin etmələri nəzərdə tutulur.

Həm də qüvvəyə minmiş sənədə əsasən, istehsalı Ukraynada qurulmayan xaricdən gətirilən silah və hərbi texnikanın alınması təmin edilməlidir.

Bundan başqa, qapalı satınalmalarla müdafiə təyinatlı malların, işlərin və xidmətlərin satın alınması üçün ümumiləşdirilmiş üç illik planın formalaşdırılması və həyata keçirilməsi proseduru avtomatlaşdırılmalıdır.

Həmçinin, 2026-cı ilədək olan dövr üçün milli təhlükəsizlik və müdafiə sahəsində müvafiq sənədlər hazırlanaraq ortamüddətli planlaşdırmanın davamlılığı təmin edilməlidir. Bunun üçün müvafiq dövlət orqanları bir ay müddətində silahlanma və hərbi texnikanın yaradılması, müdafiə sənayesinin islahatı və inkişafı, sursat və xüsusi kimyəvi maddələrin istehsalının yaradılması və inkişafı üçün dövlət hədəf proqramlarını təsdiqləməlidir.

167467749 290303549261597 2137719848405213223 n
Ukrayna hərbi-sənaye kompleksinin son illərdə təqdim etdiyi silah nümunələri

Əhəd Əzizov

Poliqon.az

Back to top button