Ukrayna hərbi texnika parkını gücləndirir

Ukrayna Silahlı Qüvvələrinin texnika parkında yer alan zirehli nəqliyyat vasitələrinin əsaslı təmiri və təkmilləşdirilməsi davam etdirilir.
“Ukroboronprom” Dövlət Konserninin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, dövlət müdafiə sifarişi çərçivəsində “Jitomir Zirehli Tank Zavodu” müəssisəsində əsaslı təmir edilmiş 5 ədəd BMP-2 piyada döyüş maşını (PDM) Silahlı Qüvvələrə təhvil verilib. BMP-2 PDM-ləri müasir naviqasiya və optik sistemlər ilə təchiz olunub.

Qeyd edək ki, bundan əvvəl 20-dən çox BMP-1 və 10-dan çox BMP-2 piyada döyüş maşını əsaslı təmir edilərək Ukrayna Ordusunun silahlanmasına verilib.
Həmçinin, Ukrayna Müdafiə Nazirliyinin sifarişi əsasında “Kiyev Zirehli Tank Zavodu”nda Silahlı Qüvvələrin tank parkında yer alan T-72 tankları modernləşdirilib. Modernizasiya nəticəsində T-72 tankları 840 at gücündəki mühərrik, dinamik müdafiə kompleksi, yenilənmiş yanğın söndürmə avadanlığı sistemi ilə təchiz edilib. Əlavə olaraq tankların müasir rəqəmsal radio və peyk naviqasiya sistemi ilə təchiz edilməsi, döyüş sahəsində piyada birlikləri ilə əlaqə qurmağa imkan verir.

Ötən ilin iyul ayında Lvov Tank Zavodu tərəfindən əsaslı təmir və modernizasiya edilən T-64 tanklarının növbəti partiyası Ukrayna Müdafiə Nazirliyinə təhvil verilib. Əaslı təmir zamanı müəssisənin mütəxəssisləri tərəfindən tankların taktiki və texniki xüsusiyyətləri yaxşılaşdırılıb. Modernləşdirilmiş T-64 tankları yeni peyk naviqasiya sistemi, rəqəmsal radiostansiya, gecəgörmə cihazı, dinamik mühafizə dəsti və digər sistemlər ilə təchiz edilib. Eyni vaxtda Lvov Tank Zavodu həmçinin T-80 tankı, BRDM-2 və BTS-4 zirehli texnikalarnın əsaslı təmiri və modernləşdirilməsi üzərində işlər getdiyini açıqlamışdır.
Taktiki və texniki xüsusiyyətləri təkmilləşdirilmiş BTS-4 zirehli texnikaları sonrakı aylarda Ukrayna Silahlı Qüvvələrinə təhvil verilmişdir. Təkmilləşdirilmiş BTS-4 zirehli evakuasiya maşınlarının sınaqları uğurla nəticələnib. BTS-4 əsasən döyüş meydanında zədələnən tırtıllı və təkərli hərbi texnikaların təxliyəsi üçün nəzərdə tutulub.

Habelə ötən il Ukrayna Ordusu 50 ədəd BRDM-2L1 zirehli maşını əldə edib. Beləki, Ukrayna Silahlı Qüvvələrinin texnika parkında yer alan BRDM-2 zirehli kəşfiyyat-mühafizə maşınları “Mykolayiv zirehli tank zavodu”nda modernləşdirilərək BRDM-2L1 səviyyəsinə yüksəldilib. Modernizasiya nəticəsində BRDM-2 baza maşınının taktiki və texniki xüsusiyyətləri yaxşılaşdırılıb. Xüsusilə gücləndirilmiş zirehli yan lyuklar, eləcə də quraşdırılmış termal kameraları və NATO standartlarına cavab verən müasir rabitə və naviqasiya vasitələri sayəsində zirehli maşının erqonomikası dəyişdirilib.

2020-ci ilin avqust ayında Ukrayna Ordusu Xarkov Maşınqayırma və Konstruktor Bürosu tərəfindən modernizasiya edilən 45 ədəd BTR-4E zirehli transportyorların son partiyasını təhvil alıb. BTR-4E zirehli maşınları “Mayak” Kiyev dövlət müəssisəsinin istehsal olan KT-7.62 pulemyotları ilə təchiz edilib. Amfibiya xüsusiyyətinə və modulyar konstruksiyaya malik BTR-4E ümumi BTR-4 şassisi üzərində hazırlanıb. 8×8 təkər formuluna malik zirehli maşınlar ailəsinin yeni nümunəsi hesab edilən BTR-4E-ə quraşdırılan asma zireh dəsti heyətin müdafiəsini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verir. Zireh əməliyyat tələblərinə uyğun olaraq, çöl şəraitində heç bir əlavə texnologiya tələb olunmadan, heyət tərəfindən qurula və ya sökülə bilər.
2020-ci ilin iyul ayında Xarkov Dizayn Bürosunun mütəxəssisləri tərəfindən təkmilləşdirilmiş “Dozor-B” taktiki döyüş təkərli maşınlar Ukrayna Silahlı Qüvvələrinin silahlanmasına qəbul edilib. Qeyd edək ki, bundan əvvəl 2016-cı ilin iyununda Lvov Tank Zavodunun mütəxəssisləri tərəfindən 10 ədəd “Dozor-B” versiyalı yüngül zirehli transportyor hazırlanaraq Ukrayna Silahlı Qüvvələrinə təhvil verilmişdir. Zirehli maşınların ilk partiyası elə həmin il birbaşa cəbhədə sınaqdan keçirilmişdir. Bundan sonra avtomobil texniki xüsusiyyətlərinin yaxşılaşdırılmasının üzərində işlənilərək təkmilləşdirilib və “Dozor-B” adı ilə seriyalı istehsala hazır vəziyyətə gətirilib. 4×4 təkər formuluna malik “Dozor-B” maşınları təyinatından asılı olaraq zirehli transportyor, sanitar, komanda-qərargah, kəşfiyyat-dozor və digər konfiqurasiyalarda hazırlana bilir.
Zaur Babaşov




