Ukrayna HDQ “Bayraktar TB2” PUA hazırlıqlarını davam etdirir

Ukrayna Hərbi Dəniz Qüvvələrinin (HDQ) personalı, Ukraynanın bu il alacağı “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatları (PUA) üzrə təlim almağa davam edir.
“Poliqon”un məlumatına görə, bu barədə Ukrayna HDQ Dəniz Piyadaları Komandanlığı məlumat verib.
Məlumatda bildirilib ki, sistemlərin gələcəkdə səmərəli istifadəsi üçün təlimlər keçirilir. Ukrayna Dəniz Piyadaları üçün “Bayraktar TB2” silahlı PUA kursu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndəsi tərəfindən verilib.
Tədbirə Ukrayna Dəniz Piyadaları Komandanı general-leytenant Yuri Sodol da qatılıb. Kurs iştirakçıları təkcə PUA-nın deyil, həm də kompleksin bütün elementlərinin tam taktiki və texniki xüsusiyyətləri ilə tanış olurlar.
2020-ci ilin sonunda Türkiyədən MİLGEM ADA sinfinə aid korvetlər və “Bayraktar TB2” silahlı PUA alınması sifarişini verən Ukrayna HDQ Komandanlığı onları bu ilin sonunda qəbul etməyi planlaşdırır.
Ukrayna HDQ “Bayraktar TB2” silahlı PUA-larına əlavə olaraq böyük sayda “Roketsan” istehsalı olan MAM-L mini ağıllı sursatı alacağı da təxmin edilir. Bundan əvvəl Ukrayna HHQ 6 ədəd “Bayraktar TB2” silahlı PUA və böyük miqdarda MAM-L sursatı tədarük edib və hazırda Silahlı Qüvvələrin maraqlarında tətbiq edilir. Ukrayna ordu rəhbərliyi ümumilikdə 40-dan çox “Bayraktar TB2” silahlı PUA tədarük etməyi hədəfləyir.
Ukrayna HDQ tərəfindən qəbul ediləcək “Bayraktar TB2” PUA-larının daha uzun idarəetmə mənzili kimi təkmilləşdirilmiş xüsusiyyətlərə sahib olacağı da məlumdur.
Ukraynanın dövlət müdafiəsi ixracatına məsul “Ukrspecexport” Dövlət şirkəti, “Baykar Defence” şirkəti ilə 2019-cu ilin yanvar ayında 6 ədəd “Bayraktar TB2” silahlı PUA-nın, iki idarəetmə stansiyasının və 200 ədəd ağıllı sursatın tədarükü barədə dəyəri 69 milyon ABŞ dolları olan müqavilə imzalayıb və tədarük icraçı tərəfindən 2 ay ərzində yerinə yetirilib.
“Baykar Defence” şirkəti tərəfindən hazırlanan “Bayraktar TB2” silahlı PUA indiyədək Türkiyə, Qətər, Ukrayna, Liviya və Azərbaycan tərəfindən fəal şəkildə istifadə olunur. “Bayraktar TB2” PUA, xüsusilə Liviya, Suriya və Qarabağdakı döyüşlərdə qazandığı uğurlarla dünyada ad çıxarıb.
“Bayraktar TB2” PUA, üç ehtiyat avtopilot (üçlü rezervləmə avionika) sistemləri və “Sensor fusion” quruluşu ilə tam avtonom sükanlama, qalxma, enmə və normal kreyser uçuşu qabiliyyətinə malikdir. “Sensor fusion”, sensor məlumatlarını və ya ayrı-ayrı mənbələrdən alınan məlumatları birləşdirmək (kombinələşdirmək) deməkdir. Beləliklə nəticələndirici məlumat mümkün olandan daha dəqiq olur, nəinki bu mənbələr ayrı-ayrılıqda istifadə edildiyi təqdirdə əldə edilən məlumatlar.
İndiyədək 300.000 saatdan çox uçuş edən “Bayraktar TB2” PUA, 2014-cü ildən bəri Türkiyə Silahlı Qüvvələri, həmçinin Türkiyə Daxili İşlər Nazirliyinin Jandarma Qüvvələri və Təhlükəsizlik Baş İdarəsinin qoşunları tərəfindən fəal şəkildə istifadə edilir.
Əhəd Əzizov




