Ukrayna HDQ-nin “Hetman İvan Mazepa” korvetindən sınaq atışları həyata keçirilib
Türkiyənin STM şirkəti tərəfindən Ukrayna Hərbi Dəniz Qüvvələri (HDQ) üçün inşa edilən “Ada” sinifli “Hetman İvan Mazepa” korveti sınaq atışları həyata keçirib.
“Poliqon” “SavunmaSanayiST.com”a istinadən xəbər verir ki, sınaq zamanı atışlar “Hetman İvan Mazepa” korvetinə quraşdırılmış 76 mm-lik “OTO Melara” dəniz topu və “Gökdeniz” yaxın hava hücumundan müdafiə (HHM) sistemindən yerinə yetirilib.
İtaliyanın “Leonardo” şirkəti tərəfindən hazırlanmış 76 mm-lik “OTO Melara” dəniz topunun atəş sürəti dəqiqədə 120 mərmidir. 16 kilometr atış mənzilinə malik olan “OTO Melara” dənizdəki hədəflərlə yanaşı, hava və sahildəki hədəflərə də atəş aça bilir.
“Gökdeniz”, Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanmış ATOM adlı 35 mm çaplı proqramlaşdırılan qəlpəli atəş yığımı ilə əsasən gəmi əleyhinə raketləri məhv etmək üçün nəzərdə tutulub. Bundan başqa, “Gökdeniz” HHM sistemi helikopter, təyyarə, pilotsuz uçuş aparatı və yerüstü nəqliyyat vasitələri kimi təhdidlərdən gəmi müdafiəsini effektiv şəkildə həyata keçirə bilir.
“Gökdeniz” sistemi atış kontrol radarı və elektro-optik (E/O) sensorlarından ibarət inteqrasiya edilmiş izləmə platforması sayəsində hədəfi dəqiq izləyə və məhv edə bilir. “Gökdeniz”in stabilləşdirilmiş silah qülləsi 35 mm KDC-02 tipi iki lüləli silah sistemi ilə dəstləşdirilib. Silah sisteminin maksimal atış tempi dəqiqədə 1100 atəş təşkil edir. “Gökdeniz” sistemi sursatlarla avtomatik qidalanma mexanizminə (OŞMBM) malikdir.
Ukrayna HDQ üçün inşa olunan “Ada” sinifli “Hetman İvan Mazepa” korvetinin uzunluğu 99.44 metr, 14.42 metr və su basımı 2400 tondur. Korvetin maksimum sürəti 29+ knot və mənzili 3500 dəniz mili təşkil edir.
Xatırladaq ki, STM şirkəti “Hetman İvan Mazepa”nı 2022-ci ilin oktyabr ayında suya endirib və hazırda korvetin dəniz sınaqlarını davam etdirməkdədir.