Ukrayna Ordusu ABŞ istehsalı avtomatik qumbaraatanlarla silahlandırılıb

Ukrayna Ordusu ABŞ istehsalı avtomatik qumbaraatanlarla silahlandırılıb

ABŞ Ukrayna Ordusuna 40 mm çaplı Mk.19 (Mark 19) dəzgahlı avtomatik qumbaraatanlarını və onlar üçün döyüş sursatlarını tədarük edib.

“Poliqon” xəbər verir ki, Mk.19 qumbaraatanları Ukraynaya yanvar ayında çatdırılıb.

ABŞ-ın hərbi yardımını gətirən yeddinci aviareys isə 85 ton 40×53 mm-lik M430A1 HEDP qəlpəli-kumulyativ qumbaralı atəş yığımlarını çatdırıb.

Mk.19 (Mark 19) lentdən qidalanan 40 mm çaplı dəzgahlı avtomatik qumbaraatandır. Qumbaraatan ABŞ Hərbi Dəniz Qüvvələrinin Silahlar Laboratoriyası (“US Naval Ordnance Station Louisville”) tərəfindən 1967-ci ildə yaradılıb. Silahın bu modelinin 3 dəst prototipi Vyetnam müharibəsi zamanı özünü uğurla sübut edib. İstismar müddətində Mark 19 qumbaraatanı üç təkmilləşdirmə mərhələsindən keçib. Bu gün ən qabaqcıl model 1981-ci ildə silahlammaya qəbul edilmiş Mk.19 “Mod.3” qumbaraatanıdır.

Qumbaraatanın kütləsi 35,3 kq, dəzgahın kütləsi 20 kq (M3 üçayaq-dəzgahı) və ya 9,1 kq-dır (yüngülləşdirilmiş XM205 dəzgahı). Qumbaraatanın uzunluğu 1095 mm, lüləsinin uzunluğu isə 417 mm-dir. Atəş tezliyi dəqiqədə 360-390 atəş, nişangah məsafəsi 1500 m və maksimal atəş məsafəsi 2200 m-dir. Lentin tutumu 32 və ya 48 atəş yığımıdır.

Qumbaraatandan М430A1 HEDP qəlpəli-kumulyativ qumbaralı, М383 və М384 qəlpəli qumbaralı, həmçinin М385 təlim qumbaralı atəş yığımları ilə atış aparılır. Hazırda ABŞ Müdafiə Nazirliyi ilə RDZM (“Rheinmetall Day & Zimmermann Munitions”) şirkəti arasında bağlanmış müqavilə əsasında “ağıllı” HEDP-AB XM1176 atəş yığımlarının yaradılması üzərində işlər yerinə yetirilir. Yeni döyüş sursatının baza М430A1 HEDP qəlpəli-kumulyativ qumbaralı atəş yığımından əsas fərqi proqramlaşdırılan partladıcısındadır. Bundan başqa, qumbaraatanların özləri proqramlaşdırılan blokla təchiz olunacaqlar.

Qeyd edək ki, 1981-2000-ci illər ərzində 25000-dən artıq Mk.19 “Mod.3” qumbaraatanı istehsal olunub. Qumbaraatan ABŞ Ordusundan başqa 21 ölkədə silahlanmada yer tutur.

2 1 3 1 4 1 5 1

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS