Ukrayna R-27 raketlərini satır

Ukrayna adı açıqlanmayan xarici müştəri ilə kifayət qədər böyük məbləğə “hava-hava” sinfinə aid R-27 aviasiya raketlərinin tədarükünə dair müqavilə bağlayıb.
Poliqon” xəbər verir ki, R-27 raketlərinin istehsalını həyata keçiriən “Artyom” şirkətinin direktoru Vladimir Zimin bildirib ki, şirkət sözügedən tədarük üçün əvvəlcədən ödəniş alıb və son 10-15 ilin ən böyük müqaviləsini yerinə yetirməyə başlayıb. Raketin konkret modeli, sifarişin həcmi, eləcə də müştərinin adı açıqlanmır. Eyni zamanda sifariş dəyərinin 200 milyon ABŞ dollarını keçdiyi də məlumdur.
Qeyd edə bilərik ki, Ukrayna istehsalı R-27 raketlərinin potensial müştəriləri Hindistan və İndoneziyadır. Belə ki, Hindistan əvvəllər “Artyom” şirkətindən R-27 raketləri sifariş etmiş, İndoneziya isə bu raketlərə rəsmi maraq göstərmişdi.
R-27 raketi, uzun və qısa mənzilli manevrli hava döyüşlərində pilotlu və pilotsuz təyyarələrin, həmçinin qanadlı raketlərin tutulmasını və məhv edilməsini təmin edir. Döyüş sursatı özütuşlama başlığı olan aparatura hissəsindən, döyüş hissəsindən və bərk yanacaqlı mühərrikdən ibarət üç modullu bir konstruksiyaya malikdir, MiQ və Su təyyarələrinin silahlanmasına daxildir.
Əsas xassələri:
Çapı – 230 mm, kütləsi – 350 kq, döyüş hissəsinin kütləsi – 39 kq, uzunluğu 4,8 m, mühərrikin diametri – 260 mm, qanad açıqlığı – 0,8 m, sükanların açıqlığı – 0,97 m, atılma hündürlüyü – 27 km-ə qədərdir.
Maksimal buraxılış məsafəsi: “ön yarımkürəyə tuşlama” rejimində – 93 km, “arxa yarımkürəyə tuşlama” rejimində – 26 km, minimal buraxılış məsafəsi – 0,5 km-dir.
Əhəd Əzizov




