Ukrayna “Ramstein-2” görüşündən YARS-la bağlı qərar gözləyir

Ukrayna “Ramstein-2” görüşündən YARS-la bağlı qərar gözləyir

Ukrayna Prezidenti Volodimir Zelenski dünyanın 40-dan çox ölkəsinin müdafiə nazirlərinin onlayn görüşündən Ukraynaya ABŞ istehsalı yaylım atəşli reaktiv sistemlərin (YARS) verilməsi ilə bağlı qərar gözləyir.

“Poliqon” xəbər verir ki, bu barədə Ukrayna dövlətinin başçısı Kiyevdə Portuqaliyanın Baş naziri Antonio Kosta (Antonio Luıs Santos da Costa) ilə birgə keçirdiyi brifinqdə bildirib.

Ukrayna prezidenti bildirib ki, belə görüşlər artıq müsbət nəticədir: “Biz MLRS-ın (Multiple Launch Rocket System – yaylım atəşli reaktiv sistem – red.) tədarükü üzrə cavabı pozitiv gözləyirik. Mənim heç bir sirrim yoxdur. Biz bütün ölkələri MLRS-sistemlərini tədarük etməyə çağırırıq ki, bunun sayəsində Ukrayna təşəbbüsü ələ keçirə və ərazisini azad edə biləcək”.

O, Ukraynanı müvafiq silahlarla təmin etməkdən qorxan ölkələrin nümayəndələrinə müraciət edib ki, guya ondan Rusiyaya hücum üçün istifadə oluna bilər. Zelenski xatırladıb ki, ukraynalılar öz ərazilərində müharibə aparırlar.

“Avropa ölkələrindən kimsə Donbasın Rusiyanın işğal olunmuş ərazisi olmasına öyrəşibsə, demək istəyirəm ki, bu, çox da yaxşı vərdiş deyil. Bu, bizim ərazimizdir”, – deyə Ukrayna dövlət başçısı vurğulayıb.

Zelenski həmçinin bildirib ki, Rusiya müxtəlif səviyyələrdə dünyanı YARS-ın Ukraynaya ötürülməsi ilə şantaj edir: “Qorxmaq lazım deyil – birləşmək lazımdır. Birləşmə Rusiya Federasiyasının qorxduğu şeydir. O, Avropa İttifaqı və ABŞ-ın vahid hərəkət edəcəyi güclü birlikdən qorxur. Bu, bizim üçün çox vacibdir. Bizim həqiqətən maddi yardıma ehtiyacımız var”.

Xatırladaq ki, 40-dan çox ölkədən ibarət qrup Ukraynaya gələcək müdafiə dəstəyini müzakirə etmək üçün mayın 23-ü onlayn rejimdə yenidən bir araya gəlib.

Bundan əvvəl isə aprelin 26-da həmin ölkələrin müdafiə nazirləri Ukraynaya hərbi yardımı müzakirə etmək üçün “Rammstein” aviabazasında toplaşıb. Ukraynanın müdafiə naziri Aleksiy Reznikov görüşdən sonra bildirib ki, Ukrayna Qərb çapına və texnikalarına keçir.

Eyni zamanda ABŞ Almaniyanın Ştutqart şəhərində nəzarət mərkəzi yaradıb ki, bu da Almaniyada “Rammstein” aviabazasında (Ramstein Air Base) toplantı keçirən və Ukraynaya müdafiə yardımı göstərən 40-dan çox tərəfdaş və müttəfiq ölkənin şəbəkəsini idarə etmək üçündür.

Bu yaxınlarda məlum olub ki, ABŞ hələ də Ukraynanı uzun mənzilli MLRS 270 yaylım atəşli reaktiv sistemlərlə təmin etməyə razılıq verməyib.

Bu arada qeyd etmək yerinə düşər ki, bu gün “Rammstein-2” onlayn görüşü artıq başa çatıb. ABŞ-ın müdafiə naziri Lloyd Ostin (Lloyd James Austin III) 40-dan çox NATO və müttəfiq ölkənin nümayəndələri ilə onlayn görüş keçirərək Ukraynaya hərbi dəstəyi müzakirə edib. Bu dəfə görüşə gələcəkdə müttəfiq ola biləcək daha beş ölkə – Avstriya, Bosniya və Herseqovina, Kolumbiya, İrlandiya və Kosovo da qoşulub.

Görüş üç bloka bölünüb:

– Ukraynada döyüş meydanında vəziyyət;

– iştirakçı ölkələr tərəfindən artıq Ukraynaya verilmiş hərbi yardım;

– aparılan mübarizədə Ukraynanın aktual ehtiyacları.

Onlayn görüşdə Ukraynanın nümayəndələri, o cümlədən müdafiə naziri Aleksiy Reznikov, Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanının müavini, Müdafiə Nazirliyi yanında Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi iştirak edib.

Ukrayna Müdafiə Nazirliyi hələlik görüşün nəticələrini şərh etməyib.

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş