
Ukrayna Böyük Britaniyaya istehsalı “Rapid Ranger” hava hücumundan müdafiə (HHM) sisteminin hədəflərin məhv edilməsində yüksək effektivlik göstərdiyini bildirir.
“Poliqon”un Ukrayna Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, 2026-cı ilin əvvəlindən etibarən Rusiya Ukraynanın enerji infrastrukturuna qarşı bir sıra kütləvi raket və dron hücumları həyata keçirib.
Bildirilib ki, hücumlar zamanı Ukrayna Silahlı Qüvvələri tərəfindən yüzlərlə qanadlı və ballistik raketlə yanaşı, “Shahed” tipli təxminən 9500 zərbə pilotsuz uçuş aparatı məhv edilib.
Hava hədəflərinin məhv edilməsində yüksək effektivlik nümayiş etdirən vasitələr arasında Britaniyanın “Rapid Ranger” hava hücumundan müdafiə sistemləri də var. Bu mobil, avtomatlaşdırılmış komplekslər hədəfləri 15 km məsafəyədək aşkarlayır, 7 km məsafəyədək isə məhv edir. Sistem çoxməqsədli “LMM Martlet” raketlərindən istifadə edir.
Ukrayna MN-in qeyd etdiyinə görə, “Rapid Ranger” HHM kompleksi digər hava hücumundan müdafiə vasitələri ilə müqayisədə bir sıra üstünlüklərə malikdir.
Kompleks 360° müşahidə imkanı verən optik-elektron müşahidə sistemi ilə təchiz olunub. O, uzaq məsafədən infraqırmızı axtarış və izləmə sensoru, həmçinin müşahidə və izləmə radarı ilə təchiz edilə bilər ki, bu da onun həm müstəqil, həm də şəbəkə əsaslı idarəetmə sisteminin tərkibində işləməsinə imkan yaradır.
“LMM Martlet” raketi yalnız infraqırmızı deyil, həm də lazerlə yönləndirmə sisteminə malikdir. Bu xüsusiyyət aşağı istilik izi olan və ya istilik tələləri ilə təchiz edilmiş hədəflərin belə effektiv məhv edilməsinə şərait yaradır. “Rapid Ranger” kompleksi kiçik istilik imzasına malik Rusiyanın “Orlan-10” kəşfiyyat dronlarını da effektiv şəkildə zərərsizləşdirir.
“LMM Martlet” raketinin uzunluğu 1,3 metr, çəkisi isə 13 kq-dir. Raket 1800 km/saat sürətə qədər sürətlənir və 7 km məsafədəki hədəfi vurur. Oxşar Qərb zenit raketləri ilə eyni effektivliyə malik olsa da, qiyməti bir neçə dəfə ucuzdur.
Kompleks cəmi 500 kq ağırlığa malikdir və modul konstruksiyaya sahibdir. O, pikaplar, xüsusi zirehli avtomobillər və tırtıllı texnikalar daxil olmaqla, müxtəlif platformalara quraşdırıla bilər.
Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi komplekslər İspaniyanın URO VAMTAC taktiki yolsuzluq avtomobilləri üzərində yerləşdirilib. Bu maşınlar 135 km/saat sürət yığa, mövqelərini tez dəyişə və uzun məsafələr qət edə bilir.
Britaniyanın “Rapid Ranger” HHM kompleksi Ukraynanın mövcud qısa mənzilli hava hücumundan müdafiə sistemini tamamlayır. O, mobil atəş qrupları ilə ağır və azmobil zenit-raket kompleksləri arasında mövcud boşluğu doldurur. Radar sistemlərinin hədəfi aşkar edə bilmədiyi, mobil atəş vasitələrinin isə onu məhv etməkdə çətinlik çəkdiyi ərazilərdə hava məkanının qorunmasını təmin edir.




