Ukraynada yerli olaraq hazırlanan səyyar emalatxana silahlanmaya qəbul edilib

Ukraynada yerli olaraq hazırlanan səyyar emalatxana silahlanmaya qəbul edilib

Ukrayna Müdafiə Nazirliyi yerli istehsal olan yeni səyyar avtomobil təmiri emalatxanasının Silahlı Qüvvələrdə istismarınına rəsmən icazə verib.

“Poliqon” Ukrayna Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu emalatxana ölkənin müdafiə-sənaye kompleksinin müəssisələrindən birinin mütəxəssisləri tərəfindən Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin ehtiyaclarını ödəmək üçün yaradılıb.

Qeyd olunub ki, bu səyyar emalatxanalar müxtəlif modelli universal avtomobil texnikalarının texniki qulluğu və təmiri üçün təyin edilib.

Məlumatda bildirildiyinə görə, səyyar emalatxananın yeni modeli köhnəlmiş sovet ZIL-131 yük maşınlarının şassilərindəki mövcud səyyar emalatxanalarla müqayisədə yığcamlığı və daha yaxşı manevr qabiliyyəti ilə xarakterizə olunur.

Yeni yaradılmış səyyar avtomobil təmiri emalatxanası dünya istehsalçılarının müxtəlif modelli yolsuzluq pikap avtomobillərinin şassilərində quraşdırıla bilər. O, bölük-tabor səviyyəsində bölmələrin avtomobil və döyüş texnikasının cari təmiri və texniki qulluğu məsələlərini həll etməyə qadirdir.

Səyyar təmir emalatxanası təkərlərin quraşdırılması (şinomontaj), qaynaq və avtoçilingər işlərinin yerinə yetirilməsi üçün alət və avadanlıqlarla təchiz edilib. Həmçinin emalatxananın köməyi ilə avtomobilin akkumulyatorlarını xüsusi qurğu sayəsində doldurmaq, eləcə də xüsusi kompüter avadanlıqlarından istifadə etməklə onun diaqnostika işlərini həyata keçirmək mümkündür.

Bundan başqa, emalatxana yükgötürmə qabiliyyəti 500 kiloqram olan ox-kran, 5 ton dartma gücünə malik bucurqad, generator, qaynaq aparatı, işəsalma-doldurma qurğusu, pnevmatik sistem, alətlər, həmçinin digər kritik vacib avadanlıq və rahat iş yeri ilə təchiz olunub.

Müdafiə Nazirliyi qeyd edib ki, pikapların şassiləri üzərində quraşdırılmış belə səyyar avtomobil təmiri emalatxanalarının müəyyən miqdarı artıq Ukrayna Müdafiə Qüvvələrinin döyüş bölmələrinə verilib.

Silahlanmaya qəbul edilmiş yeni səyyar avtomobil təmiri emalatxanası “Mitsubishi L200” pikap avtomobili bazasında yaradılıb. “LOCKER” adlandırılmış səyyar avtomobil təmiri emalatxanalarının yaradılması ilə yerli “TVOI KROK” xeyriyyə fondu məşğuldur.

İstehsalçı bu səyyar emalatxanaların NATO dövlətlərindən Ukraynaya verilən zirehli və avtomobil texnikalarının təmiri və texniki qulluğu üçün imkan və potensialı artıracağını bildirir. Belə emalatxanalar sayəsində texnikaların təmiri və texniki qulluğu bir neçə saat ərzində və cəbhə xəttinin yaxınlığında həyata keçirilə bilər. Emalatxana hətta çöl şəraitində də avtomobil texnikasının qısa müddətdə təmiri üçün lazım olan hər vasitə ilə təchiz olunub.

Xatırladaq ki, Ukraynada ABŞ istehsalı HMMWV zirehli maşınlarının bərpası üçün 4×4 təkər formullu MAN avtomobili və köməkçi qoşqular bazasında səyyar təmir emalatxanalarını hərbçilərə təhvil verən “Canlı qayıt” (“Povernis jivım”) xeyriyyə fondu tərəfindən də analoji layihə həyata keçirilir.

Bu səyyar emalatxanalar NATO avtomobil texnikaları nümunələrinə, o cümlədən HMMWV çoxməqsədli təkərli nəqliyyat vasitələrinə texniki qulluq və təmir üçün təyin edilib. Səyyar emalatxanalarda bu işlər üçün lazım olan alətlər, avadanlıq və heyət üçün rahat iş yeri nəzərdə tutulub. Emalatxanalar istilik sistemi və kondisionerlə, həmçinin 17 kVt-lıq avtomobil generatoru ilə təchiz olunub.

Eyni zamanda, “Pyotr Poroşenko Xeyriyyə Fondu” da (“Blaqodiynıy Fond Petra Poroşenka”) Böyük Britaniyanın 4×4 təkər formullu “Leyland DAF” avtomobilinin bazasında səyyar avtomobil təmiri emalatxanaları hazırlayır. Bu səyyar emalatxanalar dəzgahlar, yarımavtomat qaynaq aparatı, təmir zamanı istifadə olunan müxtəlif cihaz və alət dəsti ilə təchiz olunub. Emalatxanada 1,5 ton yükü qaldırmağa imkan verən ox-kran da nəzərdə tutulub.

Əhəd Vahidoğlu

CATEGORIES