SərgilərXəbərlər

Ukraynanın “Chaklun Jet” tutucu dronu SAHA 2026-da nümayiş olunub

Ukraynanın “Chaklun Jet” tutucu dronu İstanbulda keçirilmiş SAHA 2026 sərgisində nümayiş olunub.

“Poliqon” xəbər verir ki, turbojet mühərrikli “Chaklun Jet” Rusiyanın kəşfiyyat və kamikadze tipli pilotsuz uçuş aparatlarına (PUA) qarşı döyüşdə sınaqdan çıxmış tutucu dron kimi təqdim edilib.

Yüksək sürətli ələkeçirmə üçün nəzərdə tutulan dron düşmən PUA-larını zərbə endirməzdən və ya hədəf məlumatlarını ötürməzdən əvvəl məhv etmək üçün hazırlanıb. Sistem artilleriya bölmələrinin, ön xətt mövqelərinin və kritik infrastrukturun qorunması məqsədilə istifadə olunur.

Təqdim olunan texniki məlumatlara əsasən, “Chaklun Jet” birkonturlu turbojet mühərriklə təchiz edilib. PUA-nın maksimal sürəti 320 km/saat, kruiz sürəti isə 220 km/saat təşkil edir. Dronun uzunluğu 1,65 metr, qanad açıqlığı 1,5 metr, maksimal uçuş kütləsi isə 10,4 kiloqramdır. Təxminən 40 dəqiqə havada qala bilən dronun faydalı yükdaşıma qabiliyyəti 1,6 kiloqramdır.

Katapult vasitəsilə buraxılan “Chaklun Jet” 6000 metrədək yüksəklikdə fəaliyyət göstərə bilir. Məlumata görə, sistem RADA tipli radar ilə birlikdə istifadə olunduqda 30 kilometrlik əməliyyat radiusuna malikdir. Tutucu dron həmçinin avtomatik hədəf aşkarlama və avtomatik kilidləmə funksiyalarına sahib “ChaklunLRS” idarəetmə arxitekturası ilə təchiz olunub.

“Chaklun Jet”də həm rəqəmsal videoötürmə, həm də analoq rabitə kanallarından istifadə edilir. Bu yanaşmanın elektron mübarizə şəraitində rabitə davamlılığını qorumaq və operatorların geolokasiya edilmə riskini azaltmaq məqsədi daşıdığı bildirilir.

Back to top button