Ukraynanın “Mayak” zavodu PUA-lar üçün yeni sursat nümayiş etdirib

Ukraynanın “Mayak” zavodu PUA-lar üçün yeni sursat nümayiş etdirib

“Ukroboronprom” konserninin tərkibinə daxil olan “Mayak” zavodu pilotsuz uçuş aparatları (PUA) üçün aviasiya döyüş sursatını nümayiş etdirib.

“Poliqon” xəbər verir ki, yeni döyüş sursatlarının fotosu “Mayak” zavodunun”Facebook” səhifəsində dərc olunub.

Bunlar pilotsuz uçuş komplekslərindən istifadə edilə bilən qəlpəli döyüş sursatlarıdır. 1 kq ağırlığında olan OBP-23.1 döyüş sursatının zəmanətli məhvetmə zonasının radiusu 11 metrdir. OBP-23.05 döyüş sursatı isə 0,5 kq ağırlığındadır və 4,5 metr radiuslu zəmanətli məhvetmə zonasına sahibdir.

Xatırladaq ki, 2021-ci ildə Ukraynada RKQ-1600 kumulyativ döyüş sursatının və HІ-РКГ-1600 təlim-simulyasiya sursatının istehsalına başlanılıb. Onlar A2724 “Aerorozvidka” Əməliyyat (döyüş) idarəetməsinin avtomatlaşdırılmış sistemlərinin tətbiq edilməsi və dəstəklənməsi mərkəzi ilə birgə hazırlanıb. RKQ-1600 və HІ-RKQ-1600 sursatlarının çəkisi 1,6 kq-dır, 300 metr hündürlükdən atıldıqda 1 kvadrat metr sapma verir.

Həmçinin kumulyativ KZ-6 döyüş sursatı multikopter tipli PUA-lardan atılmağa uyğunlaşdırılıb.

Bunlardan başqa NI-KZ-4800 təlim-simulyasiya versiyasının və onun KZ-4800 döyüş versiyasının hazırlanması S.P.Korolyov adına Jitomir Hərbi İnstitutu və А2724 “Aerorozvidka” Əməliyyat (döyüş) idarəetməsinin avtomatlaşdırılmış sistemlərinin tətbiq edilməsi və dəstəklənməsi mərkəzi ilə birlikdə həyata keçirilib.

Çəkisi 4,8 kq olan KZ-4800 sursatının döyüş versiyası KZ-6 ilə eyni şəkildə layihələndirilib. Onun döyüş gücü yuxarıdan kumulyativ hücumda istənilən müasir tankı məhv etmək üçün nəzərdə tutulub. Sursatın köməkçi elementləri 3D printerdə çap edilib.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin strukturunda ilk üç zərbə PUA bölüyü formalaşdırılıb. Hərbçilər pikaplar, Ukrayna istehsalı olan zərbə kopterləri, onlar üçün döyüş sursatları və “Starlink” stansiyaları alıblar. Zərbə PUA-ları bölüyünün yaradılması layihəsi Ukrayna Baş Qərargahının, Dövlət Xüsusi Rabitə Xidmətinin, Müdafiə Nazirliyinin və UNITED24 fondunun iştirakı ilə hazırlanıb.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS