Ukraynanın “Xorunjiy” transportyoru ASELSAN-ın SARP döyüş modulu ilə silahlandırılıb

Ukraynanın “Xorunjiy” transportyoru ASELSAN-ın SARP döyüş modulu ilə silahlandırılıb

Ukraynanın “Praktika” Elmi-İstehsalat Birliyinin (EİB) istehsalı “Xorunjiy” zirehli transportyoru (ZTR) üzərinə quraşdırılmış Türkiyənin ASELSAN şirkətinin SARP KPVT döyüş modulu ilə zavod sınaqlarından keçirilib.

Bu barədə “Poliqon” “Praktika” Elmi-İstehsalat Birliyinin mətbuat xidmətinə istinadən xəbər verir. Sınaqlar Ukrayna Silahlı Qüvvələrini “Desna” təlim mərkəzinin poliqonunda baş tutub.

Keçmiş Sovet istehsalı BTR-60 ZTR-in “Xorunjiy” səviyyəsinədək təkmilləşdirilmiş variantına quraşdırılan SARP KPVT döyüş modulunun sınağı Ukrayna Silahlı Qüvvələrinin Silah və Hərbi Texnikanın Sınaq və Sertifikatlaşdırılması üzrə Dövlət Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış atəş dəqiqliyi proqramı və metodikasına əsasən həyata keçirilib.

SARP KPVT döyüş modulunda əsas silahı kimi 14,5 mm-lik KPVT pulemyotundan istifadə olunur. Modul maşının içərisindən pulemyotun sursatla doldurulma qabiliyyətinə malikdir və çəkisi təxminən 400 kq-dır.

Sınaqlar zamanı Ukrayna Silahlı Qüvvələrinin heyətləri, həmçinin “Praktika” və ASELSAN şirkətlərinin nümayəndələri hücum döyüşündə görünən və hərəkət edən hədəflərə hərəkətdən və yerindən praktiki atış üzrə tapşırıqları yerinə yetiriblər.

“Praktika” EİB-nin istehsalı texnika ASELSAN-ın quraşdırılmış döyüş modulları ilə bir neçə gün ərzində gecə-gündüz yürüşləri zamanı xüsusi maneələri dəf edərək yüzlərlə kilometr qət edib və maneələri keçib.

Sınqlarda həm silahın atəş gücü, həm də gecə-gündüz görmə imkanı olan müşahidə cihazları, lazer məsafəölçən və lazer hədəfgöstəricidən ibarət döyüş modulunun elementlərinin səmərəliliyi yoxlanılıb. Eləcə də meteoroloji məlumatlara və döyüş sursatlarının növünə uyğun olaraq ballistik göstəricilər tənzimlənməsi, məsafədən idarəetmə və s. yerinə yetirilib. Eyni zamanda BTR-60 “Xorunjiy” ZTR-in mürəkkəb yolsuzluq şəraitində yürüş keyfiyyətləri yoxlanılıb.

Qeyd edək ki, BTR-60 “Xorunjiy” Sovet istehsalı BTR-60 ZTR-in dərindən təkmilləşdirilmiş versiyasıdır. Zirehli gövdə müasir zirehli poladdan hazırlanıb və yüksək səviyyəli zireh müdafiəsinə malikdir. Bu, gövdənin yuxarı və yan hissələrinin gülləyə davamlıq səviyyəsini PZSA-4 səviyyəsinə yüksəltməyə imkan verir.

“Xorunjiy” ZTR qabaq sağ hissədə mühərrik bölməsi, ön sol hissədə sürücü bölməsi və gövdənin arxa hissəsində daha geniş desant bölməsi olan müasir quruluşa malikdir.

Döyüş maşını yanacaq qənaətini və dartma xüsusiyyətlərini əhəmiyyətli dərəcədə artırmağa kömək edən müasir “Deutz” dizel mühərriki, həmçinin yeni avtomatik transmissiya, yanğınsöndürmə sistemi və avtonom generator, müasir kondisioner və havalandırma sistemi, arxa apparel, heyətin vəziyyət məlumatlılığı artıran dairəvi müşahidə sistemi alıb.

“Xorunjiy” ZTR BMP-1 PDM döyüş qülləsi ilə

“Xorunjiy” ZTR “SARP KPVT” döyüş modulu ilə

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş