Xəbərlər

Vətən müharibəsində tətbiq etdiyimiz bu taktika öz bəhrəsini verdi – AÇIQLAMA

Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun raket-artilleriya və tank əleyhinə bölmələri tərəfindən düşmənin döyüş texnikası və canlı qüvvəsinin dəqiq atəş zərbələri ilə məhv edilməsini əks etdirən videogörüntülər yayıb.

“Poliqon” xəbər verir ki, görüntülərdən göründüyü qədər Vətən müharibəsində müasir “Polonez” və LORA əməliyyat-taktiki raket komplekslərindən (ƏTRK) istifadə edilib.

“Polonez” və LORA əməliyyat-taktiki raket kompleksləri düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunlarının əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurmaq üçün təyin olunub.

Müdafiə Nazirliyinin Raket-Artilleriya Silahları Xidmətinin sabiq rəisi Əhəd Əzizov “Poliqon” saytına açıqlamasında bildirib ki, ümumiyyətlə əməliyyat-taktiki raket kompleksləri döyüşdə döyüş nöqtəsi əldə etməkdən ötrü ordu komandanlığının təklifi və ölkə rəhbərliyinin, bizim halda Ali Baş Komandanın qərarı əsasında tətbiq edilir: “Belə komplekslər əsasən düşmənin cəbhə xəttindən 500 km-dək məsafədə əməliyyat dərinliyində yerləşən hədəflərinə qarşı tətbiq edilir. Strateji hədəflər olaraq dərinləşdirilmiş komanda məntəqələri, sursat və yanacaq anbarları, rabitə qovşaqları, HHM vasitələri, aerodromlar nəzərdə tutulur”.

Əhəd Əzizov bildirib ki, “Polonez” V-200 və V-300 raketləri ilə minimal 50 km və maksimal 300 km-ə qədər məsafədə yerləşən hədəfləri məhv edə bilir. Dairəvi sapma ehtimalı raketdən asılı olaraq 30-50 metr təşkil edir. LORA ƏTRK minimal 90 km və maksimal 400 km məsafələrdə yerləşən hədəfləri 10 metr dairəvi sapma ehtimalı ilə məhv edir.

“İstənilən müasir müharibədə bütün silah növləri kompleks şəkildə tətbiq edilir. Bu kompleksə eləcə də PUA və müasir raket-artilleriya sistemləri daxildir. Hazırda PUA-lar həm döyüş təminatı tapşırıqlarını (kəşfiyyat, rabitə, müşahidə, hədəfgöstərmə və s.), həm də döyüş tapşırıqlarını (zərbə) yerinə yetirir. Bu silah növlərinin birgə tətbiqi isə həm atışın dəqiqliyini yüksəldir, həm də operativliyi artırır. Və bizim apardığımız 44 günlük Vətən müharibəsində tətbiq etdiyimiz bu taktika öz bəhrəsini vermiş, düşmənin həm çox sayda canlı qüvvəsi, həm də silah-texnika nümunələri belə tandemin sayəsində məhv edilmişdir”, – deyə Əhəd Əzizov vurğulayıb.

Back to top button