
“Vejnəli” qızıl mədəni və Sığıt yüksəkliyinin azad edilməsi əməliyyatı açıqlandı
Dövlət Sərhəd Xidməti tərəfindən Cəbrayıl və Zəngilan rayonlarına təşkil olunan səfər Vətən müharibəsində döyüş əməliyyatlarından bir çox maraqlı məlumatların əldə edilməsi ilə yadda qaldı. Şərəfli döyüş yolu keçmiş hərbçilərimizin müharibənin getdiyi ərazilərdən bölüşdükləri xatirələrini oxuculara təqdim edməyə davam edirik.
“Poliqon”un məlumatına görə, Vətən müharibəsində Zəngilan şəhərinin azad olunmasından və İranla dövlət sərhədinin tam bərpa edilməsində sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinin qarşısında qoyduğu növbəti tapşırıq Azərbaycan-Ermənistan sərhədinin bərpa edilməsi olub.
Bunun üçün Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Zəngilan rayonunun ətraf əraziləri o cümlədən ərazidə əsas strateji əhəmiyyətə malik olan yüksəkliklər azad edilməli idi. İlk mərhələdə Vejnəli və Ağbənd istiqamətində olan yüksəliklər, Vejnəli kəndi istiqamətində yerləşən qızıl mədəni və qızıl zavodu yaxınlığında yerləşən Sığıt yüksəkliyi, Üçnöqtəyə qədər olan ərazilər, sonrakı mərhələdə strateji əhəmiyyətə malik olan Bartaz və Şükrataz yüksəkliklərin azad edilməsi əməliyatları uğurla həyata keçirilib.
Düşmən qalxanda başlarının üstündə Azərbaycan bayrağını dalğalanan gördü
Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Teyyub Bayramov POLİQON jurnalına açıqlamasında bildirib ki, dövlət sərhədlərinin 132 km ərazisi düşmən işğalından azad olunduqdan sonra yuxarı rəhbərlik tərəfindən verilmiş tapşırığa uyğun olaraq “Vejnəli” qızıl mədəni və dövlət sərhəd xətti Üçnöqtəyə qədər tam barpa olunmalı idi: “Bu istiqamətdə ilk döyüşümüz “Vejnəli” qızıl mədəninin düşmən qüvvələrindən azad olunması oldu. Onu da qeyd edim ki, çox kiçik bir heyət ilə “Vejnəli” qızıl mədənini düşməndən tam təmizlədik. Gecə saat 03:00 radələrində şəxsi heyətimiz tapşırıqla “Vejnəli” qızıl mədəninə döyüşə qalxdılar və səhər-səhər düşmən qalxanda gördü ki, düz başlarının üstündə Azərbaycan bayrağı dalğalanır. Bir çox cəhdlər edərək bir çox qüvvələrlə həmin mövqeyi geri almaq istədilər, lakin alınmadı”.
Polkovnik-leytenant T.Bayramovun sözlərinə görə, “Vejnəli” qızıl mədənindəki mövqe götürüləndən sonra, ərazidə ən böyük yüksəklik Sığıt yüksəkliyi idi: Sığıt yüksəkliyinin əldə olunması üçün uğurlu əməliyyat keçirdik. Ondan sonra, qısa bir müddətdə Üçnöqtəyə qədər dövlət sərhəddi tam dövlət sərhəd xətti üzərində bərpa olundu”.
Sığıt yüksəkliyi mühüm strateji əhəmiyyət kəsb edirdi
DSX-nin mayoru Röyal Quliyev də Ermənistan-Azərbaycan sərhədi boyu strateji yüksəliklərin ələ keçirilməsi uğrunda gedən döyüşlərdən xatirələrini bölüşüb. O bildirib ki, bölmələri əməliyyat tapşırığı aldıqdan sonra hərəkətə keçiblər. İlk öncə Vejnəli və Ağbənd istiqamətində olan yüksəliklər düşməndən azad olunub.
“Vejnəli kəndi istiqamətindəki qızıl mədəni və qızıl zavodu yaxınlığında yerləşən yüksəkliklərdən biri Sığıt yüksəkliyi idi. Sığıt yüksəkliyi mühüm strateji əhəmiyyət kəsb edirdi. Belə ki, həmin yüksəklik Ağbənd, Vejnəli və oradakı qızıl mədəni, qızıl zavodu, həmçinin Ermənistan ərazisində olan müəyyən postları tam nəzarətdə saxlamaq üçün imkan verirdi. Bu yüksəkliyin azad olunması mənə tapşırılmışdı. Tapşırıq alındıqdan sonra havanın qaranlıq vaxtı həmin yüksəkliyə doğru hərəkət etməyə başladıq. Sığıt yüksəkliyi relyef baxımından çətin olsa da, bizim qüvvələrin əvvəlcədən hazırlığı, döyüş qabiliyyətinin yüksək olması hesabına çətinlik çəkmədən həmin yüksəkliyə qalxdıq. Düşmənin orada kiçik bir qrupla məhv edildikdən sonra Azərbaycanın üçrəngli bayrağı həmin yüksəkliyə sancıldı”, – deyə mayor R.Quliyev vurğulayıb.
Demək olar ki, bu dağların hər bir qarşında sərhədçilərin qanı var. Bu gün biz həmin torpaqlarda ərazilərimizin işğaldan azad edilməsinin, düşmən üzərində zəfərimizin ikinci ildönümünü qürurla qeyd edirik. Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun.