
Türkiyənin “Vestel Savunma” şirkəti İstanbulda düzənlənən “High Tech Port-2016” sərgisində “Karayel” pilotsuz uçuş aparatının (PUA) silahlandırılmış konfiqurasiyasını ilk dəfə ictimaiyyətə təqdim edib.
“AzeriDefence”nin məlumatına görə, PUA ROKETSAN istehsalı olan MAM-L idarə olunan yüksək dəqiqlikli raketlərlə silahlandırılıb.
PUA-nın hər qanadının altında bir ədəd MAM-L raketi yer alır.
“Vestel Savunma” yetkililərinin sözlərinə görə, şirkət silahlı konfiqurasiyanın yaradılmasını qarşıya qoyulan plan üzrə vaxtında reallaşdırıb. Bu ilin iyun ayında Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilmiş testlər uğurlu alınıb.
Məlumat üçün bildirək ki, “Karayel” Türkiyənin NATO-nun STANAG-4671 Mülki Hava Sahəsində Uçuşa Əlverişlilik Stabdartı üzrə dizayn və istehsal edilmiş yeganə PUA-dır.
Gövdəsi kompozit materialdan hazırlanmış “Karayel” tam avtonom qalxma, uçuş və enmə qabiliyətinə sahibdir. PUA 70 kq faydalı yük daşıyır və bu qədər yüklə 20 saat havada qalmağı bacarır. “Karayel”in LOS xətti 150 km təşkil edir.




