Vətən müharibəsinin xronikası: döyüşlərin 14-cü günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.
“Poliqon” Vətən müharibəsinin 14-cü gününün xronikasını təqdim edir.
Müharibənin 14-cü günün Rusiya tərəfinin təşəbbüsü əsasında 2020-ci ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilib. Bəyanata əsasən, 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər, digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub
Atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq, Ermənistan ordusu günün müxtəlif saatlarında cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl, Ağdam istiqamətlərində dəfələrlə atəşkəsi pozub və hücuma cəhd göstərib. Həmçinin, düşmən ordusu Xocalı istiqamətindən Hadrutu yaylım atəşli reaktiv sistemlərdən atəşə tutub.
Azərbaycan Ordusu tərəfindən Ermənistan ordusuna qarşı adekvat cavab verilərək, düşmənin 38 nəfər canlı qüvvəsi, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 7 ədəd topu, sursatla dolu 2 yük maşını və digər ağır döyüş texnikaları məhv edib.
Azərbaycan Minatəmizləmə Agentliyi tərəfindən Füzuli rayonunun Əhmədalılar kəndi ərazisində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 9M79M “Toçka-U” taktiki raketi və Goranboy rayonunun Goran qəsəbəsi ərazisinə Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 9M525 raketi aşkar olunub. Aşkar olunmuş raketin içərisində 72 ədəd qəlpəli təyinatlı 9N235 bombacıqları vardır. Bu bombacıqlar “Kaset sursatlar haqqında konvensiya”ya görə qadağan olunmuş sursatlar sinifinə daxildir.




