Xəbərlər

Vətən müharibəsinin xronikası: döyüşlərin 21-ci günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.

“Poliqon” Vətən müharibəsinin 21-ci gününün xronikasını təqdim edir.

Müzəffər Azərbaycan Ordusu Füzuli şəhərini və eləcə də, Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərini işğalçılardan azad edib.

Azərbaycanın Silahlı Qüvvələri düşmənin 3 ədəd “Tor-M2KM” zenit-raket kompleksini, S-300 zenit-raket kompleksini, 1 ədəd Su-25 təyyarəsini, 1 ədəd taktiki pilotsuz uçuş aparatını, 1 ədəd “S-125” zenit-raket kompleksini, 7 ədəd T-72 tankını, 2 ədəd BM-21 “Qrad” YARS, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa toplarını, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikasını məhv edib. Düşmənin yanacaq-sürtkü materialları və döyüş sursatı anbarları aviasiya zərbələri ilə darmadağın edilib.

Ermənistan silahlı qüvvələri gecə saatlarında Gəncə və Mingəçevir şəhərlərini növbəti dəfə artilleriya atəşinə tutub. Mingəçevirə atılan raket Azərbaycanın hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Gəncəyə 9K72 “Scud-B” ballistik raket atışları nəticəsində isə 52 dinc sakin xəsarət alıb, 13 nəfər həlak olub, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Ermənistan silahlı qüvvələri, həmçinin, Tərtər, Ağdam, Bərdə və Ağcabədi rayonlarının ərazilərini atəşə tutub.

Azərbaycan Ordusu bütün cəbhə boyu düşmənə dəqiq atəşlə zərər vurmaqla əməliyyat üstünlüyünü saxlayıb.

Poliqon.az

Back to top button